Bax (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bax (XIX əsr)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Ey könül qafil olma,
Əliyyi İmrana bax.
Məhəmməd şəninə gələn,
Ayeyi-Qurana bax.
İsmayıl getdi Mina dağına,
Haqqa qurban olmağa.
Cəbrayıl bir qoç gətirdi,
Sürməli qurbana bax.

Baxgınan şeytan ləyinə,
Gör Adəmə nə etdilər.
Haqq-taaladan səda gəldi,
Sərəncamı atdılar.
Adəm ilə Həvva ana,
Bir-birini tapdılar.
Həvva doğdu doxsan oğul,
Gərdişi-dövrana bax.

Gəl biçarə Məmmədhüseyn,
Aç gözün mövlanı tanı.
Habil vurdu Qabili,
Tökdülər nahaq qanı.
Yer üzünü su götürdü,
Qopdu Nuhun tufanı.
Gəmisinə nicat verən,
Ol Şahi-Mərdana bax.