Bax (Mirzə Mehdi Şükuhi)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bax
Müəllif: Mirzə Mehdi Şükuhi
Mənbə: Mirzə Mehdi Şükuhi. Şeirlərazadliq.org saytı. Yayımlanıb: 13.07.2014

Bu bivəfa, bu bivəfa
Dünyayə bax, dünyayə bax.
Saldı məni Məcnun kimi
Səhrayə bax, səhrayə, bax.

Düş Mebdinin sorağinə,
Gəl yengicə qabağinə,
Təvilələr bucağinə
Qovğayə bax, qovğayə bax.

Gəl bir neçə həmrazı gör,
Dümbəkçi edən nazı gör,
Aşıq əlində sazı gör,
Zurnayə bax, zurnayə bax.

Övrətləri sədrnişin,
Kişilər tərk edib işin,
Gör necə ağardır dişin,
Mollayə bax, mollayə bax.

Məclisə düzülüb yeyin,
Hamı deyir: "Yeyin, yeyin."
Yarı saman, yarı peyin,
Şorbayə bax, şorbayə bax.

Bu sorbayə etmə nəzər,
Əlhəzər, qardaş, əlhəzər.
İçində bir ördək üzər
Dəryayə bax, dəryayə bax.

Bu məclisə əzm eylədim,
Şorba yedim, həzm eylədim,
Otdum bunu nəzm eylədim,
Sövdayə bax, sövdayə bax.