Bax (Molla Pənah Vaqif)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bax
Müəllif: Molla Pənah Vaqif

Ey Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax!
Ruzigarə qıl tamaşa,karə bax,kirdarə bax!

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmü adil padişahi-qadirü qəhharə bax!

Sübh söndü,şəb ki,xəlqə qiblə idi bir çıraq,
Gecəki iqbalı gör,gündüzdəki idbarə bax!

Taci-zərdən ta ki ayrıldı dimaği-pürqürur,
Payimal oldu təpiklərdə səri-sərdarə bax!

Mən fəqirə əmr qılmışdı siyasət etməyə,
Saxlayan məzlumu zalimdən o dəm Qəffarə bax!

Qurtaran əndişən ahəngəri-biçarəni,
Şah üçün ol midbəri təbdil olan mismarə bax!

İbrət et Ağa Məhəmməd xandan,ey kəmtər gəda,
Ta həyatın var ikən nə şahə,xunxarə bax!

Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,
Nə qıza,nə oğula,nə dustə,nə yarə bax!

Vaqifa,göz yum cahanın baxma xubü ziştinə,
Üz çevir ali-əbayə,Əhmədi-Muxtarə bax!