Bax (Novrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bax
Müəllif: Növrəs İman
müxəmməs-bəhri-təhvil
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 151-153

Bu duran şux gözəlin
Ol mahi-ruxsarına bax.
Boy çəkir yüz nazınan,
Hüsnlə didarına bax.
Gözləri aldı canım,
Dilbərin dildarına bax.

Aşiqəm camalına,
Müştaqəm xətti-xalına.
Çəkir xəyalım arzu,
Yetə onun vusalına.

Özün bir alma tağı,
Qoynundu cənnət bağı.
Öpüm o gül yanağın,
Qoysan, bimürvət yağı!

Qaşların afat,
Ləblərin xəyyat.
Al məni bircə
Qoynuna, sən yat.

Dil deyir, qolboyun ol,
Əm dodağın ləzzət elə,
Aç yaxa düyməsini,
Sədri üstə narına bax.
 
Qəddinə nəqş olunub,
Sərvü sənubər kimidi.
Gərdəni tovuz təki,
Sinəsi mərmər kimidi.
Danışa, kəlmə verə,
Ləzzəti şəkər kimidi.

Qurbanam bu cavana mən
Olmuşam bir divanə mən.
Görüb onun nəzakətin,
Qalmışam yana-yana mən.

Qədəm qoyanda hərdəm,
Qıya baxanda birdəm,
Könül deyir, ilahi,
Ola mən ilə həmdəm.

Xoşdur görüşmək,
Alıb-verişmək;
Bir oynamaqnan
Gözəl öpüşmək.

Siz görün, ay camaat,
Varmı yeri sözlərimin;
Bigünah can alanın
Bircə o gülzarına bax.

Əyləşib naz ilə bu,
Qumru tək avaz eləyir;
Gah baxır, gah döyünür,
Gah qış, gah yaz eləyir.
Gah bizə qəmzə satır,
Ağlımı gah az eləyir.
 
Bunun kimi gözəl hanı!?
Gəzmişəm xeyli dünyanı.
Görün necə bu intizar
Qoyubdu Novrəs İmanı.

Ay qız, gəl, insafı elə,
Doğru dil ilə söylə.
Al bir məni qucağa,
İstəklicə qul eylə.

Canım canından,
Getməm yanından.
Əmim şərabı,
Ver pistinandm.

Qolunu boynuma sal,
Qat canımı sən canına,
Gör səfa, eylə vəfa,
İşrəti-ruzigarına bax.