Bax (qoşma, Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bax
Müəllif: Aşıq Alı


Bu dünyanı mən tərcümə eylədim,
Bu çərxi-gərdişin yollarına bax.
Satıcılar yalan yerə and içir,
Ortada oynayan dillərinə bax.

İnanmayın boyaqçının dilinə,
Cövhər, aşqar - yaman qatır lilinə.
Baxmayın hacınm yoğun şalına,
Gedib evlərində günlərinə bax.

Dövlətlilər əzrayılsız can alır,
Pulun sələminə ot, saman alır,
Əvvəlcə beş verib, sonra on alır,
Qiyamət günündə hallarına bax.

Bənnalar da divar çəkir hər yana,
Axşamacan danışırlar əfsana.
Nəccarlardan var yaxşısı bir dənə, -
Zoddu İbrahimin kamalına bax.

Əllaf ilə baqqal nə işlər görür?..
Haqqını düz alıb yarımçıq verir.
Bir arşında yarım çərək qol vurur,
Sən onların fəndi-fellərinə bax.

Gör neyləyir qalayçıyla, dəmirçi,
Xalqın evin yıxdı papaqçı, kürkçü.
Arvadları soyur pinəçi, çərçi,
Sövdadakı qilü-qallarına bax.

Nalbənd də çəkici çox döyür nala,
Tayı düz almamış salmayır yola.
Tez-tez mıxa çalır, haqqı bol ola
Üzünə tüpürür, yallarına bax.

Dəyirmançı neylər, söyləyim sənə,
On yol şahad alıb doymayır yenə.
Altından ling qoyur, üstdən dəndanə,
Qabaqdan paylayır, dallarına bax.

Pirim Şahi-Mərdan, Heydəri-kərrar
Dadıma yetişsin Əhmədi-muxtar.
Aşıq Alı üzü qara günahkar,
Cəhənnəm odunun küllərinə bax.