C Bayatılar. Ç hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
D
Sister Projects. Həmçinin baxın: Haqqında •



Çağırdım, Sənəm, Sənəm,
Səs gəldi: mənəm, mənəm
Dedim:-Ləbin kim əmsin?
Dedi ki, sən əm, sən əm!

Çağırıram haray, gəl,
Hər həftə gəl, hər ay gəl.
Bir ilə dözmək olmur,
Heç olmasa hər ay gəl.

Çalmanı başa çaldı,
Göz üstən qaşa saldı.
Mən namərdə neylədin,
Ömrümü daşa çaldı?!

Çay deyiləm axım bir,
Dağı-daşı yaxım bir.
Qanadım yox ucalım,
Vətən sarı baxım bir.

Çayda sular dondu, gəl,
Bağa quşlar qondu, gəl.
Dolaqsız gedən oğlan,
Dolaq tamam oldu, gəl.
 
Çaylar təkin axmaram,
Başa həna yaxmaram.
Bir dəfə üzün görsəm,
Aya, günə baxmaram.

Çəkilməz duman yerdən,
Küsəllər uman yerdən.
Bir maral itirmişəm,
Gəzirəm guman yerdən.

Çəpər-çəpər oldu, gəl,
Üstə quşlar doldu, gəl.
Gözləməkdən al rəngim,
Saralıban soldu, gəl.

Çimdim Gəncə çayında,
Baharında, yayında.
Mən azadlıq quşuyam,
Düşmən canın hayında.

Çıxaram dağlara mən,
Baxaram yollara mən.
Bir günə qatlanmazdım,
Qatlandım illərə mən.

Çıxaram dağlara mən,
Yerim yoxdi qaçam mən.
Ürək ki, süfrə deyil,
Hər gələnə açam mən.

Çıxdım Kəpəz dağına,
Baxdım cənnət bağına.
Bənövşə calaq olub,
Qızılgül yarpağına.

Çıxdım, şəhər göründü,
Özgə təhər göründü.
Sənsiz keçən günlərim,
Mənə zəhər göründü.

Çıxıbdı düzə ceyran,
Düşübdu üzə ceyran.
Çox tərlan ovlamışam.
Görünmür gözə ceyran.

Çoban qoyuna gedər,
Seçər soyuna gedər.
Çobanın qoç toğlusu,
Ellər toyuna gedər.

Çuxası yaşıl oğlan,
Geyin yaraşır, oğlan.
Bizim bağda dolanma,
Anam dalaşır, oğlan.–