Bayatılar/B
←A | Bayatılar. B hərfi ilə başlayan bayatılar Müəllif: Şifahi xalq ədəbiyyatı |
C→ |
Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995 |
Babanın hərayı gör,
Hər həftə, hər ayı gör.
Yıxılmış, viran qalmış,
Ömrünün sarayı gör.
Bahar gəldi, qar getdi,
Bağban getdi, bar getdi.
Məni pis günə qoydu,
Nakam öldü, yar getdi.
Baharsız daşdı dünya,
Çürük ağaşdı dünya.
Kimə deyim dərdimi?
Bütün qan-yaşdı dünya.
Baxdım şirin dillərə,
Düşdüm quru çöllərə.
Axtardım qohum-qardaş.
Həsrət qaldım ellərə.
Bağ-bağçalar şam olsun,
Ya çinar, ya şam olsun.
Gec gəlib, tez gedirsən,
Otur, qoy axşam olsun.
Bağa girmərəm sənsiz,
Gülün dərmərəm sənsiz.
Dağda ahu mələsə,
Bil ki, o, mənəm sənsiz.
Bağa girmişcə varam,
Gülün dərmişcə varam.
Yarı yuxuda görsəm,
Özün görmüşcə varam.
Bağçanın üstü olmaz,
Ocaqsız tüstü olmaz.
Dostdan düşmən tapılar,
Düşmənin dostu olmaz.
Bağda maral çaş mələr,
Çaş dolanar, çaş mələr.
Mənim ahu-zarımdan,
Dağ inildər, daş mələr.
Bağçalarda gül gərək,
Gül gərək, bülbül gərək,
Sidq ilə dost olan kəs,
Ürəkdən də bir gərək.
Bağçalarda gül mənəm,
Bülbül sənsən, gül mənəm.
Mən səndən ayrılalı,
Ağlayaram, gülmənəm.
Bağçalarda yaz oldu,
Bülbül, dərdin az oldu.
Oxu dedim, ağladın,
Bu necə avaz oldu?
Bağımda güllər gözəl,
Oxur bülbüllər gözəl.
Azadlıq dünyasında,
Ömürlər, günlər gözəl.
Bağlar başı tel oldu,
Yel əsdi tel-tel oldu.
Bivəfa yar ucundan,
Gözüm yaşı seı oldu.
Bağlarında üzüm var,
Getmə dayan, sözüm var.
Gözlərindən qorxuram,
Qaşlarında gözüm var.
Bağban duzər hasarı,
Bağa qoymaz yasarı.
Qəmdən bir ev tikmişəm,
Hicrandandır hasarı.
Bağça bar deyib ağlar,
Heyva, nar deyib ağlar.
Dərya üstə bitən gül,
O da yar deyib ağlar.
Bağçasız, barsız dağlar,
Heyvasız, narsız dağlar.
Yarını itiribdi,
Qalıbdı yarsız dağlar.
Bağda güllər biçildi,
Gül tikandan seçildi.
Bircə yol səni görcək,
Tutqun gönlüm açıldı.
Bağı gəzdim əzəldən,
Dəstə tutdum xəzəldən.
Bilsəydim vəfan budur,
Dost olmazdım əzəldən.
Balıq suda yan verdi,
Yaram coşdi, qan verdi.
Dost məni yoxsul görcək,
Üz çevirib yan verdi.
Barmağım beşdi mənim,
Günlərim keçdi mənim,
Cəfa çəkdim, yurd saldım,
Axırım heçdi mənim;
Başı ağ qarlı dağlar,
Yazlı, baharlı dağlar.
Yarla çıxım sinənə,
Əhdə ilqarlı dağlar.
Başı bəlgəli dağlar,
Dibi kölgəli dağlar.
Durmuşam yol ağzında,
Nə vaxt el gəli, dağlar?
Başım ağrır nədəndir,
Ürək zədən-zədəndir.
Səndən ayrı düşməyim
Bilmirəm ki, nədəndir?!
Başın nədən ağarmış?
O gül bədən ağarmış,
Sənə güvəndiyim dağ,
Sənə də qar yağarmış.
Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Tanrı səni saxlasın,
Kölgəndə mən dolanım.
Başında ağ şalı var,
Örtübdü. ağ şalı var.
Çıx bir yollar üstünə,
Gör kimə oxşarı var?
Başında şalın nədir,
Danış, xəyalın nədir?
Yanımdan ötüb keçib,
Demirlər halın nədir?
Belədimi qürbət el,
İgid oğul, qürbət el
Adamı tez qocaldar,
Qərib ölkə, qürbət el.
Bir ev tikdim dəyirmi,
Dirəkləri iyirmi,
Namərd hara gedirsən?
Bu yurd sənin deyilmi?
Bir gül əkdim, xar oldu,
Kətan köynək dar oldu.
Mənə söz verən dilbər,
Özgələrə yar oldu.
Bir qurban kasad olmaz,
Mərd əli kasad olmaz.
Yüz namərdin çörəyin,
Doğrasan kasa dolmaz.
Bir yaralı qoçam mən,
Yerim yoxdu uçam mən.
Ürək ki, süfrə degil,
Hər gələnə açam mən
Bir vecsiz daşdı dünya,
Çürük ağaçdı dünya.
Kimə deyim dərdimi
Tamam qan-yaşdı dunya.
Bizim evin quşları,
Qızıldan sərpuşları.
Qızlar seyrə çıxanda,
Alır başdan huşları.
Bostan əkdin, gözlə bar,
Götür belin arxa var.
Səsinə səs verməyə
El kimi bir arxa var.
Bostanı ləklədilər,
Tağını təklədilər.
Düşdüm nadan əlinə,
Nazımı çəkmədilər.
Boyda bir qarış mənəm,
Hər işə qarışmanam,
Çəkil, dindirmə məni,
Küsmüşəm, barışmanam!
Bu aşiq qəm əridir.
Ay üzün qəməridir.
Atı məhmiz öldürür,
İgidi qəm əridir.
Bu ay hansı fəsildi?
Çayın suyu kəsildi.
Peymanından dönmədi,
Nəcabəti kəsildi.
Bu ay mənim ayımdı,
Kimlər mənim tayımdı.
Gözdən axan qanlı yaş,
Fələk verən payımdı.
Bu bağ əmimgilindir,
Gəl tərini sil indi.
Cəfa çəkdin, yar sevdin,
Yarın qədrin bil indi.
Bu bağlar meyvəlidi,
Gözlərin işvəlidi.
Nə yatmısan xümar göz,
Qoynunda yad əlidi.
Bu bazar, uzun bazar,
Barmaqlarım xətt yazar.
Xudam yazan yazını,
Bəndə nə deyər pozar.
Bu çaydan gəmi gəldi,
Şeh düşdü, nəmi gəldi,
Gəl gözlərindən öpüm,
Ayrılıq dəmi gəldi.
Bu çaylar coşar indi,
Qaynayıb daşar indi.
Gözüm dağlarda qalıb
Yar gəlib aşar indi.
Bu dağda azdı canım,
Üzülüb nazdı canım.
Yardan bir xəbər gəlib,
O gündən sazdı canım.
Bu dağda çıraq yanar,
Baxdıqca iraq yanar.
Sevgili sevgilidən,
Ayrılsa, ürək yanar.
Bu dağda əkdim əkin,
Aldılar əlimdəkin.
Nə kafər, nə müsəlman,
Olmasın sənin təkin.
Bu dağda qalan oldum,
Dillərdə talan oldum.
Hər bir dərdini çəkdim,
Axır mən yalan oldum.
Bu dağda qaya saldı,
Gün ona sayə saldı.
Yarı xəlvətdə gördüm,
Söz dedim, haya saldı.
Bu dağda maralım var,
Ox dəgdi yaralım var.
Nə gecə yuxum gəlir,
Nə gündüz qərarım var.
Bu dağdan aşan mənəm,
Ellərə qoşan mənəm.
Qaynar dərd qazanında,
Qaynayan, daşan mənəm.
Bu dağdan aşmaq olmaz,
Narıncı başmaq olmaz.
Bir quru sözdən ötrü,
Yarla savaşmaq olmaz.
Bu dağdan yol ayrılır.
Ağ üzdən tel ayrılır.
Ölürəm canım çıxır.
O incəbel ayrılır.
Bu dağı aşdım gəldim,
Sel kimi daşdım gəldim.
Bir cüt öpüşdən ötrü,
Yarnan savaşdan gəldim.
Bu dağın qaşı sənsən,
Dibinin daşı sənsən.
Dünyaca dostum olsa,
Hamının başı sənsən.
Bu dağlar ahı neylər?
Başın külahı neylər?
Sən ordan bax, mən burdan,
Görək ilahı neylər?
Bu dağlar ahı neylər?
İgid pənahı neylər?
Yarsız dirilməz Səməd,
Təbib yüz ovsun eylər.
Bu dağlar bizə sarı,
Dolan gəl bizə sarı.
Qürbətdə qalan canım,
Çəkərsən yüz azarı.
Bu dağlar daşım oldu,
Sirim-sirdaşım oldu.
Mənə təsəlli verən,
Yenə göz yaşım oldu.
Bu dağlar hara qaldı,
Gəzmədim, sara qaldı.
Yar sevdim apardılar,
Könlumə yara qaldı.
Bu dağlar hürü dağı,
Duman, gəl bürü dağı.
Ölü dağı çəkilər,
Sağalmaz diri dağı.
Bu dağlar kömürdəndi,
Keçən gün ömürdəndi.
Gözəldən vəfa umma,
Ürəyi dəmirdəndi.
Bu dağlar kömürdəndir,
Keçən gün ömürdəndir.
Fələyin bir quşu var,
Caynağı dəmirdəndir.
Bu dağlar, qəlbi dağlar,
Boy atıb, qəlbi dağlar,
Günü xoş keçməyəndə,
Ah çəkib qəlbi dağlar.
Bu dağlar, qoşa dağlar,
Verib baş-başa dağlar.
Yarım səndə gəzibdir,
Səni yüz yaşa, dağlar.
Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir qərib ölmüş ,
Göy kişnər, bulud ağlar.–
Bu dağlar yastı dağlar,
Qar üstün basdı, dağlar.
Üç ay toylu, bayramlı,
Doqquz ay yasdı dağlar.
Bu dağların barından,
Görmədim nübarından.
Mərd olan da dönərmi,
Verdiyi ilqarından?
Bu dağların başına,
Bülbül düşər qaşına.
Mahir ovçu düz vurar,
Güllə atmaz boşuna.
Bu dağların qarından,
Doymadım nübarından.
Zərrəcə eşqi olan,
Ayrılarmı yarından?
Bu dağların yamacı,
Çoxli-çoxli ağacı.
Mən bir dərdə düşmüşəm,
Yarımdadı əlacı.
Bu dərdlər oyar məni,
Al qana boyar məni,
Ögeydən ana olmaz,
Sərgərdan qoyar məni.
Bu dərə buz bağladı,
Dibi yarpız bağladı.
Gəlin vurdu, oxladı,
Yaramı qız bağladı.
Bu dərə buz bağladı,
Dibi yarpız bağladı.
Getdim dərdsiz yanına,
O, məndən çox ağladı.
Bu dərə dərin dərə,
Suları sərin dərə.
Yardan cavab alınca,
Yalvarmışam min kərə.
Bu dərə narın dərə,
Torpağı narın dərə.
Gözləyirəm yar gələ,
Qəlbimi narın dərə.
Bu dərə səkməlidi,
Burda gül əkməlidi.
Mən yarımı tanıram,
Dizədək çəkməlidi.
Bu dərə uzun dərə,
Getdikcə uzun dərə.
Burda bir bağ salmışam,
Yar gələ üzüm dərə.
Bu dövran belə gəlməz,
Doğru söz dilə gəlməz.
Bu aya vədə verən,
Ay dönüb ilə gəlməz?
Bu el sənin tayandı,
Halım sənə əyandı.
Ah çəkdim, duman qalxdı,
Göydə quşlar dayandı.
Bu eldə bir danəyəm,
Əl dəymə pərvanəyəm.
Yarım gedib səfərə,
Dərdinnən divanəyəm.
Bu əllər yad əlidi,
Köməyim dad əlidi.
Gedirsən, tez qayıt gəl,
Ürəyim zədəlidi.
Bu gecə toy olacaq,
Qız-gəlin oynayacaq,
İlan vurmuş anası,
Qızını qoymayacaq.
Bu gecə uyumamışam,
Baş yerə qoymamışam.
Sən məndən doymusansa,
Mən səndən doymamışam.
Bu gedən can aparır,
Düz yolu yan aparır.
Aç zülfün yaram bağla,
Amandı, qan aparır.
Bu gedən yaxşı candır,
Sirrin vermə, amandır.
Mənim bivəfa yarım,
Gör kimə mehribandı!
Bu gələn ah gətirər,
Gah tutar, gah gətirər.
Yardan əli üzülən,
Kimə pənah gətirər.
Bu gələn haralıdır?
Dağların maralıdır.
Əyil üzündən öpüm,
Ürəyim yaralıdır.
Bu gələn naza bənzər,
Yerişi qaza bənzər.
Sən gələn gün evimdə,
Qış olsa, yaza bənzər.
Bu gələn özün bilməz,
Danışa sözün bilməz.
Hər gəlib su dolduran,
Çeşmənin gözün bilməz.
Bu gələn Salahdımı?,
Dəryadan sel axdımı?
Canansız can gəzdirmək,
Aşiq der: salahdımı?
Bu görünün qaladır,
Dörd bir yanı taladır.
Yarı sevmək şirindir.
Ayrılmaq bir baladır.
Bu xəbər nə xəbərdir?
Yaram qəhər-qəhərdir.
Bir yanım köcüb gedib,
Bir yanım bixəbərdir.
Bu qala bir qaladır,
Dörd bir yaanı taladır.
Ayrılmaq asan işdir.
Görüşmək bir baladır.
Bu qala, daşlı qala,
Çınqıllı, daşlı qala.
Qorxuram qərib öləm,
Yar gözü yaşlı qala.
Bu qala, daşlı qala,
Çınqıllı, daşlı qala.
Qorxuram yar gəlməyə,
Gözlərim yaşlı qala.
Bu maral sayıq deyil,
Yatıbdır, ayıq deyil.
Qürbətdə tək qalmağın,
Adına layiq deyil.
Bu sazı alan gəlməz,
Oxuyub-çalan gəlməz,
İgidi öldürsələr,
Dilinə yalan gəlməz.
Bu yer ellər yeridi,
Şana tellər yeridi.
Qaysaqlanmış yarama,
Təzə millər yeridi.
Bu yerdə binə qaldı,
El köçdü, binə qaldı.
Qəmdən bir ev tikdirdim,
Bilmədim kimə qaldı.
Bu yerdə su dayandı,
Od gəldi, suda yandı.
Dərdimi suya dedim,
Alışdı, su da yandı.
Bu yerin xanıyam mən,
Eşqin sultanıyam mən.
Yerbəyerdən vurursuz,
Məgər moltanıyam mən?
Bu yerlər tala yeri,
Bürc yeri, qala yeri.
Qiyamət o gün qopar,
El köçə, qala yeri.
Bu yol Cavada gedər,
Dönər Cavada gedər.
Uçubdu könlüm quşu,
Gör nə havada gedər.
Bu yol gedir Xalxala,
Yandı bağrım xal-xala.
Qorxuram, gedəm qalam,
Nazlı yarım xalx ala.
Bu yol Kaşana gedər,
Aşar Kaşana gedər.
Sənin bu yaraların,
Yara nişana gedər.
Bu yol yola tən deyil,
Yar burdan ötən deyil.
Qürbətdə xoş gün görsəm,
Yenə də vətən deyil.
Bu yoldan gedən ağlar,
O nazik bədən ağlar.
Soyulan qəflə mənimdir,
Kiradar nədən ağlar.
Bu yoldan gedən gözlər,
Dayanar nədən gözlər.
İntizardı, qoy gedim,
O nazikbədən gözlər.
Bu yoldan qazax gedir,
Elə bil duzax gedir.
Yarım düşüb yadıma,
Xəyalım uzaq gedir.
Bu yoldan ötən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qürbət ölkə,
Ölməyə vətən yaxşı.
Bu yoldan ötənə bax,
Köynəyi kətana bax.
Qürbətdə gözün açma,
Açanda vətənə bax.
Bu yollar buz bağlamaz,
Namərdlər sirr saxlamaz!
Həqiqətin təməli,
Yüz tərpətsən laxlamaz.
Buxarı qurum oldu,
Yandıqca qurum oldu,
Hamının bir dərdi var,
Mənə yüz zulum oldu.
Bulaq üstə bəsti var,
Bəstinin bir dəsti var.
Sirr vermə, öz dostuna
Dostun da bir dostu var.
Bulağın başı ilən,
Dibinin daşı ilən.
Yara bir namə yazdım,
Gözümün yaşı ilən.
Bulud gəlir, çən gedir,
Bir-biriylə tən gedir.
Gəlib keçən bu günlər,
Bir-bir ömürdən gedir.
Bulud gəlir dağ üstə,
Şeh tökülür bağ üstə.
Şamamanı gizlətmə,
Qoy görünsün tağ üstə.
Buluddan nur süzüldü,
El yaylağa düzüldü.
El yaylaqdan gəlincə,
Yarı canım üzüldü.
Burda yolum oldu tən,
Varmı bu yoldan ötən,
Bu dünyaya şirin şey,
Bir anadır, bir Vətən.
Burdan bir atlı getdi,
Atın oynatdı getdi,
Gün kimi şəfəq saldı,
Ay kimi batdı, getdi.
Burdan bir atlı keçdi,
Atın oynatdı, keçdi.
Gün kimi işıq saldı,
Ay kimi batdı, keçdi.
Burdan bir atlı keçdi,
Nalın parlatdı, keçdi.
Hər kəsə vəfa qıldım,
Məni ağlatdı keçdi.
Burdan uzaq Gəncədi,
Zülfün pəncə-pəncədi.
Ölüm Allah işidi,
Ayrılıq işgəncədi.
Bülbül ötənə dərdim,
Yetdi bu tənə dərdim.
Qoy çıxım yol üstünə,
Deyim yetənə dərdim.
Bülbül uçar bu dala,
Qonar o dal, bu dala.
Dost sözün açıq deyər,
Düşmən deyər budala.
Bülbül uçar kollarda,
Gül butağlı qollarda.
Hardasa,n yar, hardasan?
Gözüm qaldı yollarda.
Bülbüləm nəva bilməm,
Dərdliyəm dəva bilməm.
Başımda bir sevda var,
Başımnan sova bilməm.
Bülbüllər bağda gəzər,
Şamama tağda gəzər.
Eldə yad ovçu görüb,
Maralım dağda gəzər.
Bülbüllər süzər bağı,
Dolaşıb gəzər bağı.
Camalın gül qonçəsi,
Açılsa, bəzər bağı.
Bülbülü ac saxlaram,
Güldən bir tac saxlaram.
Yarım utancaq olsa,
Tutub dilmanc saxlaram.
Bürüyüb düzü qurban,
Qoç qurban, quzu qurban.
Mərdin bircə tükünə,
Namərdin yüzü qurban.