G Bayatılar. H hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
X
Sister Projects. Həmçinin baxın: Haqqında •


Halalar, ay halalar,
Qartal dağda balalar,
Qorxaq ölər, məhv olar,
İgid alar qalalar.

Haray ellilər, haray,
Şana tellilər, haray.
Köçümü sel apardı,
Əli bellilər, haray.

Haray, məni qəm basdı,
Öldürməyə var qəsdi.
Bülbüllər fəğan eylər,
Gül budağın kim kəsdi?

Harayladım Təbrizi,
Sıxdı hicran, dərd bizi.
Biz yuxuda görüşdük,
Ayırdı səhər bizi.

Hay salıram oyanmır,
Dərdə, qəmə boyanmır.
Eşq oduna düşmüşəm,
Mən yanıram, o yanmır.

Hər dərdə dözən mənəm,
Əlimi üzən mənəm.
Göz yaşlı, ürək dağlı,
Sərgərdan gəzən mənəm.

Hər sabahdan ağlaram,
Üzərəm jan ağlaram.
Yardan ayrı düşmüşəm,
Ah çəkib, qan ağlaram.

Hər sözü qandı ürək,
Səni dost sandı ürək.
Dinəndə dilim yandı,
Dinmədim yandı ürək.

Hər yanı bəzə, dağlar,
Yar gələ, gəzə dağlar!
Bulaqların mey olsun,
Güllərin təzə, dağlar!