N Bayatılar. O hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
Ö
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995

 


O da məni yandırır,
Bu da məni yandırır.
Soyundum, suya düşdüm,
Su da məni yandırır.

O da yandırır məni,
Bu da yandırır məni.
Deyirlər ki sərindir,
Su da yandırır məni.

O kimdir atar məni?
Hər dərdə qatar məni.
Namərd gəlib dost olmaz,
Dostluqda satar məni?

O gələn naxırdımı,
Saralan naxırdımı?!
Deyirdin tez gələcəm,
Mənzilin yaxındımı?

O görünən Ağdamdı,
Qara damdı, ağ damdı.
Yar yoluna baxmaqdan,
Gözlərimə ağ damdı.

O palıdın tirinə,
Heç çatmadım sirrinə.
Qalanla işim yoxdur,
Qurbam olum birinə.

O şəhla göz, xumar göz,
Yar əğyara yumar göz.
Bir qəlbim var verirəm,
Canımı da umar göz.

O tay bu taya baxar,
Arxasından çay axar.
Çıxsın gözlərim, əgər,
Sənsiz dünyaya baxar.

O tayda duran bəndə,
Bir heyva gördüm səndə.
Heyva kimi saraldım,
Heç insaf yoxmuş səndə.

Oba qalxdı, köçərlər,
Köçü köçdən seçərlər.
Yetimin göz yaşından,
Körpü salıb keçərlər.

Ocağa odun qala,
Od gəti, odun qala.
Qorxuram, düşəm öləm,
Sinəmdə odun qala.

Ocağı yaxşı qala,
Odun qoy yaxşı qala.
Nə ola bu dünyada,
Pis ölə, yaxşı qala.

Od mənəm, ocaq mənəm,
Üstündə sacaq mənəm.
Gəlib səni görməsəm,
Qaranlıq bucaq mənəm.

Od tutub yanaram mən,
Gizli söz qanaram mən.
Gözlərim yar yolunda,
Günləri sanaram mən.

Od yaxır bu şən yeri,
Yar gəlib düşən yeri.
Dostumun göz yaşları,
Yandırır düşən yeri.

Od yandı, odu keçdi,
Qəlyanın odu keçdi.
Aç gözün, qafil ovçu,
Maralın odu, keçdi.

Oda saldın özünü,
Kor eylədin gözünü.
Qəribin dərdi çoxdu,
Kimə desin sözünü.

Oda yaxır ah məni,
Gah yarımı, gah məni,
Taxsırım, günahım yox,
Bağışlamır şah məni.

Ox dəydi, yaralandım,
Ürəkdən paralandım.
Vətəndən ayrılmazdım,
Zor ilən aralandım.

Oğlan, adın Alıdır,
Hamı bizdən halıdır.
Verdiyin qızıl üzük,
Barmağımın malıdır.

Oğlan adın Firqandı,
Hər baxışın bir qandı.
Elə bildim sən gəldin,
Sümüklərim yırğandı.

Oğlan gəlir enişdən,
Kəmərbəndi gümüşdən.
Yar ilə mərcimiz var,
Mən dondan, o öpüşdən.

Oğlum, əldə saz gətir,
İşvə apar, naz gətir.
Qışda adaxlanmısan,
Gəlnimi yazda gətir.

Otağın gözəl xalı,
Döşənmiş gözəl xalı.
Müştağı candan eylər,
Bəyimin gözəl xalı.

Oturubsan gül kimi,
Söylürsən bülbül kimi.
Nə daldadan baxırsan,
Satın alma qul kimi.

Oturmuşam daş üstə,
Papaq durar qaş üstə.
Sən düşməni nişan ver,
Nallamağı baş üstə.

Otururam binədə,
Tambur çaldım sinədə,
Üç ildən bir görməsəm,
Unutmaram yenə də.

Oydun, yaramı oydun,
Tutdun maralı soydun.
Qəm dağı basılmamış,
De, bir haramı qoydun?

Ov səndə çaşdı, dağlar,
Üstündən aşdı, dağlar.
Ayrılığa dözürsən,
Ürəyin daşdı, dağlar.

Ovçu ayağı gözlər,
Eyvan dayağı gözlər.
Məndə taqət qalmadı,
Baxdı o yağı gözlər.

Ovçu bərədə durub,
Bərə üstə tor qurub.
Yardan neçə yaram var,
Hərəsin bir yol vurub.

Ovçu bərədən gəlir,
Dağdan, dərədən gəlir.
Dağda qar yox, bulud yox,
Bu sel haradan gəlir?

Ovçu gəzər maralı,
Maral durar aralı.
Mən səninəm, sən mənim,
Gözlərimin qaralı.

Ovçu gəzir girəvə,
Bağça dolan, gir evə.
Yar yarın bəd günündə,
Başın qoyar girəvə.

Ovçu ovun qovladı,
Bərə üstə ovladı.
Ceyran könül verməzdi,
Yəqin onu tovladı.

Ovçular duran yerdə,
Oxunu quran yerdə.
Ovçu, əlin qurusun,
Mənə ox vuran yerdə.

Ovçular ovun ovlar,
Gözləyər ovun ovlar.
Murquzdan qalxan tərlan,
Yalvazda ovun ovlar.

Ovçuyam, Təklədənəm,
Tək evli Təklədənəm.
Arazbar tərlanıyam,
Sonalar təklədənəm.

Ovçunun hər nəsi var,
Belində qəməsi var.
Minib hicran atına,
Olmuşam qəmə süvar.

Ovçunun gəşti məndən,
Ox dəydi, keçdi məndən.
Mərdlərə körpü oldum,
Namərdlər keçdi məndən.

Oydun, yaramı oydun,
Tutdun maralı soydun.
Qəm dağı basılmamış,
De bir haramı qoydun?

Oymaqdan gəl, oymaqdan,
Yar gəlir oynamaqdan.
Əllərim qabar, qabar,
Qalyana od qoymaqdan.