Bayatılar/V
←Ü | Bayatılar. V hərfi ilə başlayan bayatılar Müəllif: Şifahi xalq ədəbiyyatı |
Y→ |
Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995 |
Varımdır dərd bazarı,
Ağlama elə zarı.
Yolum qurbətə düşdü,
Çəkirəm el azarı.
Varımdı sözüm sənə,
Düşübdü gözüm sənə.
Pulum yox qurban kəsim,
Qurbanam özüm sənə
Veribdi ağı yada,
Yar çəkib dağı yada.
Bizdən bağban olmadı,
Tapşırdıq bağı yada.
Vermə xazara məni,
Çəkər bazara məni.
Yada kəniz verincə,
Salla məzara məni.
Vəsmələ qoşa gəldi,
Baxdıqca xoşa gəldi.
Əl atdım heyva dərəm,
Bir cüt nar qoşa gəldi.
Vurdu mənə yar yara,
Doğra bağrım, yar, ara.
Fələkdə nə qaydadı,
Həsrət qalır yar yara?!