Y Bayatılar. Z hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995



Zaman gücün bildirdi.
Gün görməzi güldürdü.
Hərəyə bir gün verdi,
Məni dərddən öldürdü.

Zəfəransan, zirəsən,
Sən hər dərdi biləsən.
O günə qurban olum,
Sən qapıdan girəsən.

Zəhmətim getdi bada,
El gəldi çatdı dada,
Yarın gözü yoldadı,
Həsrətdi Ordubada.

Zəhmətsiz bir iş olmaz,
Dumansız yağış olmaz.
Göydə bir bulud olsa,
Ondan qarlı qış olmaz.

Zənəxdanın xaldı, yar,
Dil-dodağın baldı yar.
Səndəki bu gözəllik,
Mahala səs saldı yar.

Zər yaylığı qız boyar,
Yüz naxışlar, yüz boyar.
Zəhləm o yardan gedər,
Sevdiyindən tez doyar.

Zərxaradan arxalıq,
Əşrəfidən yaxalıq,
Bir busə ver o xaldan,
Dadına çatsın xalıq.

Zərxaradan libası,
Gey sallan, olma ası.
Məni yandırdı, yaxdı,
Gözlərinin qarası.

Zərliyəm, zərd olmuşam,
Qüssədən dərd olmuşam.
Qürbətə gələn gündən,
Biyabangərd olmuşam.

Ziyatam, başdan yara,
Artıbdı, başdan yara.
Məni həsrət yaratdı,
Yaradan başa yara.

Zülf uzun, üzə dəyər,
Hörüyü üzə dəyər.
Yanaxdakı cüt xalın,
Beş min beş yüzə dəyər.

Zülfün siyah, yüz, yüz il,
Ömrün olsun yüz, yüz il.
Aşiq səndən yüzülməz,
Sən aşiqdən yüz, yüz il.

Zülfün suda mar kimi,
Oynar su damar kimi,
Sızıldatdın aşiqi,
Yağa su damar kimi.

Zülfün tök belə, dilbər,
Tumar çək telə, dilbər.
Yetər intizar qoydun,
Dolan gəl belə, dilbər.

Zülfün ucu ilandır,
Dur boynuma dolandır.
Axır biz gedəsiyik,
Qoca dünya qalandır.

Zülfünü bağda dara,
Düşübdü bağ da dara,
Vəfalı bir dost üçün,
Rumu gəz, Bağdad ara.

Zülfünü dara gəlsin,
Dost-aşna hara gəlsin?
Sənsiz xoş günüm olsa,
O günüm qara gəlsin.