Bayatılar (Araz Yaquboğlu)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bayatılar (25 iyul 2005)
Müəllif: Araz Yaquboğlu

Mən Arazam, ağlaram,
Hey coşaram, çağlaram.
Ata deyin köksümü,
Çalın-çarpaz dağlaram.

Əzizim, anam ağlama,
Vəfalı sonam ağlama.
Qorxuram ah çəkəsən,
Od tutub yanam ağlama.

Əzizinəm, qan ağlar,
Səhər doğan dan ağlar.
Bu gün bir igid ölüb,
Ürək yanıb, can ağlar.

Əzizim, ağla, nənə,
Sinəni dağla, nənə.
Bir oğul var əmanət,
Get onu yoxla, nənə.

Mən aşiq, əmi qızlar,
Batıbdı gəmi, qızlar.
Mən ölsəm ağlayarsız,
Deyin: kim, kimi qızlar?
 
Aşıq, ağıllı anam,
Dili nağıllı anam.
Ay boxçası şirinli,
Şəkər, noğullu anam.
 
Əzizim, ellər ağlar,
Çiçəklər, güllər ağlar.
Nakam bir ömür üçün,
Ağaran tellər ağlar.
 
Əzizim atam haray,
Bir sevgi butam haray.
Alasan qollarına,
Qucağında yatam haray.