Bayatılar (Məşədi Əyyub Baki)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bayatılar
Müəllif: Məşədi Əyyub Baki
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.


Düz dağlar, əyri dağlar,
Düzəlməz əyri dağlar,
Gözün dağı düz çəkər,
Qaşların əyri dağlar.

Bülbül evi qəfəsdir,
Di gəl, axır nəfəsdir,
Bir gözüm sənə qurban,
Bir gözüm mənə bəsdir.

Yar getdi, ağla dağlar,
Aləmi dağla dağlar,
Yar getdi, can da getdi,
Gözlərim bağla, dağlar!

Mən aşiqəm, göz yara,
Könül yara, göz yara,
Nə xoşdur can verəydim,
Baxa-baxa göz yara.

Bağ verər arzum barı,
Əl yetmir üzüm barı,
Nə can çıxır, qurtarır,
Nə görür gözüm yan.

Dərdlilər hər dəm ağlar,
Həm sızıldar, həm ağlar,
Gör nə günə qalmışam,
Əhvalıma qəm ağlar.

İşim düşüb bəndə yar,
Canım qalıb səndə yar,
Məni Allah öldürsün,
Sən də qurtar, mən də yar.

Gözlərin qara dağlar,
Dağ çəkib qara dağlar,
Həsrət ölüb Əyyubun,
Geyib göy, qara dağlar.