Bayramıdı
Müəllif: Yetim Seyid


Bahar fəsli yaz ayları gələndə,
Sanarsan bülbülün gül bayramıdı.
İki sevgi bir araya gələndə,
Dodaq busə içər, dil bayramıdı.

Bülbül təki daldan-dala qonanda,
Şirin canım eşq oduna yananda,
Bir saatım yardan ayrı qalanda,
Elə bilginən ki, il bayramıdı.

Yetim Seyid bu dastanı deyəndə,
Sallanıban nazlı yarı gələndə,
Gözüm görüb, əlim ələ dəyəndə,
Könül müjdə verir, el bayramıdı.