Bayram gəlir
Müəllif: Mirzə Əli Möcüz


Eylə tərəhhüm, xuda, bəndəyi-bidövlətə,
Yoxdu tila kisədə zad-mad alım külfətə.
Mən necə əlboş gedim xaneyi-viranimə,
Axiri-çərşənbədir, mən nə deyim övrətə?
Az qalır axşam ola almamışam yağ, düyü,
Bir şahı da yox verəm, bircə dənə kibritə.
Dönməməli xanəyə, çəkməli dabanları,
Etməli burdan fərar, fatihə bu millətə!
Söyləyin, ey nazənin, sədriyi-izzət-qərin,
Yeddi lövünü ləin atdı məni qürbətə.
Zəhr kimi danışar, hər bir işə qarışar,
Görəsən övrətlərin xeyri nədir millətə?
Bu qısacıq ömürlə, neylirəm mən oğlanı,
O, para qazanınca mən gedərəm cənnətə.
Gər çiçək aparmıya, məndən sora sağ qala,
Yoxsul dədənin oğlu həsrət qalar rahətə.
Əgər oxuyub yazmaq nəsib ola oğluma,
Millət söyər goruma, ələ alsa qəzetə.
Yetimlə bazar dolu, bürəhnə qıçı-qolu,
Tumançaq Əliqulu xeyir verməz dövlətə.
Hər gün ruzə, hər gün çay, hər gün: "Ey vay, acam, vay!".
"Ey vay" qarın doyurmaz, paltar olmaz ümmətə.
Qulaq verin bir mənə, bayramdır, ey hacılar,
Başı açıq bacılar möhtacdı bir çərqətə.
Gər verilə hüququ, fəqir yaşar şah kimi,
İmanı yox ağalar doldururlar səbətə.
Cəm olluq bir yerdə çox, dünyalıq işimiz yox,
Söhbətimiz tamamən racedir axirətə.
Aləmi-manyatimiz batil etdi hissini,
Milləti-biçarəni saldı xabi-qəflətə.
Çağırıram nə qədər ayılmır bu biçarə,
Günəş çıxdı duvara, dur, gələsən lənətə!
Səhər gərək tez duram, zad-mad alım bayrama,
Gecənin nə vaxtıdı, bax bir görək saətə!
Bu il bayram bikarə saqiya, beş gün sora
Hilali-mahi-siyam görünəcәk ümmətə.
Hər il sizdəh günü eyş eylər idik səhrada,
Bu il bayram bikarə, saqiya, beş gün sora
Ağayi Naxçıvani[1] bir söz deyim mən sənə,
Sizdəh günündən kam al, özün salma zəhmətə!
Gər yoldaş istəyirsən, hacı Məhəmməd Əli
Təraş edir səqqəli, inanmır qiyamətə.
Nigaranam bir az mən hacı Hüseyn ağadan[2].
O da mən deyən olsa, apar bəzmi-işrətə!

İstinadlar

redaktə
  1. Şairin səmimi dostu, məşhur maarifçi və ədəbiyyatşünas Hacı Məhəmməd Naxçıvani
  2. H. M. Naxçıvaninin kiçik qardaşı