Bayram saxlayanlara!
Bayram saxlayanlara Müəllif: Cəfər Cabbarlı |
Mənbə: Cabbarlı, Cəfər. Əsərləri. Dörd cilddə. I cild (PDF) (az.). "Şərq-Qərb". 2005. ISBN 9952-418-87-3. 2017-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-10. |
Yenə əhatə edib zehnimi xəyalətlər,
Gözüm önündə gəzir başqa dürlü halətlər.
Təcəssüm etmədə qarşımda qəmli bir aləm,
Nə aləm, ah! Qülubə alov saçan matəm.
Yaxında bir ada, yox, bir məkani-qəm varmış;
Baxın, baxın, onu hiddətli dalğalar bürümüş!
Baxın bəsirət ilə ol məqami-hüznə tərəf,
Nə qədər bikəs olub orda min əzabə hədəf.
Hürr anın dəmi... həp yaralı zəlil kəslər,
Əman kömək, ölürəm, əlan-deyor səslər.
Bədən zəif, yemək yox, qərib vilayətdə
Kimin yanında bular olmalı şikayətdə?
Ufaq çocuqlara nəm torpaq iştə bəstərdir,
Olardır, ac, parasız, üç əsiri-madərdir,
Vücudu sarsıtıyor bu yetimlər dadi,
Ürəkləri dəliyor, ah, millət əfradi!
Gözəl, sevimli çocuqlar cəzirələrdə zəlil
Deyil bu, millətimiz qeydsizliyinə dəlil?
Ey ifixar ilə mömin deyən özünə müdam,
Səvabə doğru qoşun, iştə yaxşı bir əyyam!
Verək, verək nə qədər varsa bu fəqirlərə,
Şəriət əmr eləyib daima əsirlərə
Kömək verək ki, olar sədqəyə səzadırlar,
Kömək verək ki, qərib, həm də binəvadırlar!
O şəxslər ki, gəzir cənnəti iştiyağında,
Acarları niyə bəs görməyir qabağında?!
Gedin, görün o zaman yandırar sizi atəş:
Nə qədər olsa hərarət, nə qədər yaxsa günəş,
Bir istəkan suya bir kəs kifayət etməlidir,
Bir az quru çörəyə həm qənaət etməlidir,
Bular deyilmi bəşər, ya deyilmi bir islam?!
Ürəyimiz, ah, nasıl parçalanmayır da tamam?
O vəhşi dalğaların ortasında dindaşınız,
Zəlalət içrə ölür ac, zəlil qardaşımız!...
Biz isə eyd eyləyib, işrətə qiyam edərik,
Bütün-bütün gecəni eyşlə tamam edərik.
Göz aç, sən ey özünə söyləyən müsəlmanəm!
Göz aç, sən ey bağıran mən də əhli-Quranəm!
Göz aç, sən ey danışan həşrdən-qiyamətdən!
Göz aç, sən ey əbədi dəm vuran səxavətdən!
Çıxıb da sahilə, bir ol məqami-zillətə bax!
Behişti, duzəxi gör, həşrə bax, qiyamətə bax!
Gör orda ac-yalavac can verən zəlilanı,
Gör orda içməyə su tapmayan yetimanı!
Yəqin bil: alışar, od tutar, yanar canın,
O dəm kömək yetirərsən var isə vicdanın.