Beçə dərviş
Müəllif: Şifahi xalq ədəbiyyatı

Raviyani əxbar, nağılan asar, şirin şəkkər, xoş göftar. Dedim getmə qal, Gəl ol abdal, Mən olum diləfkar. Dilimdən nə dedim yarə, Eşq odunu bəyan eylə, Ya məni öldür, qan eylə, Ya seyrağıbı gözdən sal. Şah Abbas cənnətməkan, Tərəziyə vurdu təkan. İki qoz, bir girdəkan. Bəli, biri varımış, biri yoxumuş, bir Hindistan padşahı varımış. Bu padşahın dövləti-malı, cah-calalı o qədər imiş ki, bütün adamlar onu barmağnan göstərirmişlər. Bu padşahın iki oğlu varımış, birinin adı Ərkə, o birisinin də adı Cahangir imiş. Ərkə padşahın böyük oğlu idi, ancaq ağıldan bir qədər səfeh imiş. Balaca oğlu Cahangir isə qüvvətli, ağıllı, qanacaqlı, min adama cavab verə bilən bir oğlan imiş.

Padşahlarda qayda bu imiş ki, özü öləndən sonra padşahlığa ancaq böyük oğlu keçə bilərmiş. Amma bu padşah sağlığında vəsiyyət eləmişdi ki, o öləndə yerinə kiçik oğlunu qoysunlar. Ay dolandı, il keçdi, iş belə gətirdi ki, padşah öldü. Padşah öləndən sonra camaat narazı olub böyük oğlun padşah olmasını istəmədi. Bir gün Ərkəynən Cahangir çoxlu qoşunnan, vəzir, vəkili də götürüb şikara çıxmışdılar. Qəzadan bunların qabağına nəhəng bir şir çıxdı. Böyük qardaş şiri görən kimi üz qoydu qaçmağa, kiçik qardaş Cahangir qılıncını çəkib şiri o saat öldürdü. Vəzir, vəkil əyanlar hamısı Cahangirə afərin dedilər. Şikardan qayıdan kimi Cahangiri padşah seçdilər. Böyük qardaş bunu görəndə acıq eləyib üç yüz qoşunnan vilayətdən çıxdı. Məsəldi deyərlər: “Qarğa qoz ağacından düşsə, yiyəsinə bir qoz mənfəət verər”. Bəli, bir müddət böyük qardaş öz qoşunuynan orda-burda gününü keçirdi. Amma “it araba kölgəsində yatar, elə bilər öz kölgəsidi”. Bir müddətdən sonra gördü ki, daha keçmir, naəlac qalıb qardaşının yanına gəldi. Qardaşı onu öz qoşun başçısı təyin elədi. Vaxt o vaxt oldu ki, bir gün bunlar yenə şikara çıxmalı oldular. Atası öləndə balaca oğluna vəsiyyət eləmişdi ki, şikara gedəndə qardaşından qabağa düşmə, gecə qaranlıqda çöldə qalma. Bu sözü Cahangir yadında saxlamışdı. Bəli, şəhərdən xeyli uzaqda, bir çölli-biyabanda düşüb dincəlmək istədilər. Böyük qardaş hiyləni əvvəldən qurmuşdu. Burda dağın dibində böyük bir armud ağacının yanında dərin bir quyu varıdı. Böyük qardaş bir nəfəri göndərdi ki, gedib quyudan ona su gətirsin. Bu adam bir azdan sonra qayıdıb kamal-ehtiramnan baş əyib dedi: – Qibleyi-aləm, quyu o qədər dərindi ki, su çıxartmaq mümkün deyil. Cahangir bu sözü eşidən kim, qəzəblənib ayağa qalxdı, böyük qardaş da özünü sındırmamaq üçün onnan bərabər quyunun yanına getdi. Quyu o qədər dərin idi ki, gərək bir adamın belinə ip bağlayıb quyuya sallayaydılar ki, su çıxardaydılar. Ərkə qabağa yeriyib ipi belinə bağladı. Kiçik qardaş razı olmadı ki, bu duran yerdə böyük qardaşı quyuya düşsün. İpi qardaşından alıb öz belinə bağladı. Cahangir boylu-buxunlu, qüvvətli, ürəkli bir adam idi. Üç-dörd nəfər ipin ucundan yapışıb Cahangiri quyuya salladılar. Cahangir qabı suynan doldurub xəbər verdi ki, məni yuxarı çəkin. Namərd qardaşı yarı yolda ipi kəsdi. Cahangir tappıltı ilə quyunun dibinə düşdü. Ərkə tez qılıncı çəkib Cahangirin atını da yaraladı. Şikardan geri döndülər. Şəhərə çatar-çatmaz camaat gördü ki, Cahangir şahın atı yaralı, qanı axa-axa gəlir. Özü də, atın üstündə heç kim yoxdu. Hamı təəccübləndi ki, bəs şah hanı. Böyük qardaş fürsətdən istifadə eləyib dedi: – Ey camaat, biz şikara çıxanda böyük bir qəza üz verdi. Armudlu quyudan su çəkməyə gedəndə, quyunun yanından bir şir çıxıb Cahangir padşahı həlak eləyib, atın da yaraladı, biz də qoyub qaçdıq. Camaat ağıllı padşahlarının ölməsinə çox bikef oldular. Əlacsız qalıb Ərkəni padşah qoydular. Gəl sənə xəbər verim Cahangirdən. Cahangir bir həftə quyuda qaldı. Bir gün qəzadan olan kimi, yolnan gedən böyük bir karvan həmin quyunun yanında dəvələri açıb bir az dincəlmək istədi. Tacirbaşı çox susamışdı, qab götürüb bir neçə nəfərnən quyunun başına gəldilər. Qabı suya sallamaq istəyəndə bir zarıltı eşitdilər. Tacirbaşı qulaq asıb gördü ki, quyuda adam var. Quyuya ip salladılar. Cahangir ipi belinə bağladı. İki-üç adam nə qədər əlləşdilər bunu quyudan çıxarda bilmədilər. Axırda yeddi nəfər adamnan Cahangiri quyudan çıxartdılar. Tacirbaşı Cahangiri tanıdı. Dedi: – Bəs bu nə qəza-qədərdi ki, sənin başına gəlib. Cahangir tamam-kamal başına gələn əhvalatı nağıl elədi. Tacirbaşı buna bir dəst dərviş paltarı geyindirib özüynən bərabər şəhərə gətirdi. Bunu öz evinə aparıb dedi: – Bu evdə ye, iç, yat. Nə badə, nə badə eşiyə çıxasan! Birdən ağlın kəsməz bazarda-zadda qəsidə-filan oxuyarsan ha! Padşah bilsə, öz qorxusundan o saat səni öldürtdürər. Bir müddət Cahangir dərviş paltarında tacirin evində qaldı. Bir gün öz-özünə fikirləşdi ki, yaxşı bəs mən nə vaxta kimi evdə oturum? Bu kişilikdən deyil. Odu ki, durub ayağa dərviş paltarını geyib, kəşkülü əlinə alıb, təbərzini qoluna salıb bazara çıxdı. Cahangirin gözəl səsi varıdı. Bazarın bu başından düşüb o başına qədər bir qəsidə dedi. Qəsidə o qədər xoş avaznan deyilirdi ki, bütün bazar əhli öz alış-verişini, dükanını buraxıb dərvişin tamaşasına gəldi. Xəbər tez padşaha çatdı. Nə durmusan, padşah, tacirbaşının yanına bir Beçə dərviş gəlib, bu gün bazara çıxıb bir qəsidə deyib, bütün camaatı heyran eləyib. Padşah tez əmr elədi: – Taciri çağırın mənim yanıma! Bu xəbəri tacirə bazarda çatdırdılar. Tacir şübhəyə düşüb dedi: – Mən nə eləmişəm, mənim nə günahım var ki, padşah məni yanına çağırır. Tacir evə gələndə yadına düşdü ki, yəqin Beçə dərvişi tanıyıblar, odu ki, padşah da məni çağırtdırıbdı. Şamnan gətirdiyi meyvədən bir yaxşı xonça tutub padşahın hüzuruna apardı. Padşah tacirə qəzəblənib dedi: – De görüm, nə dərvişdi ki, mənim məmləkətimdə məndən bixəbər qəsidə oxuyur. Tacir dedi: – Qibleyi-aləm sağ olsun, o mənim nökərimdi. Şam səfərindən qayıdanda özümnən bərabər gətirmişəm. Padşah əmr elədi: – Cəllad hazır olsun. Vəzir padşaha yaxınlaşıb dedi: – Qibleyi-aləm, əgər tacirnən dərvişin boynunu vurdursaq, başqa padşahlar eşidib bizi töhmətləndirərlər. Yaxşısı budu ki, bunları məmləkətdən sürgün eləyək, çıxıb getsinlər. Padşah bu təklifə razı oldu. Beçə dərviş bu vilayətdən sürgün olunub Qəndəhar məmləkətində Mənzər şah adında bir padşahın torpağına getdi. İki-üç ay burda dərviş paltarında gizlənib eşiyə çıxmadı. Bir gün öz-özünə yenə fikir elədi ki, yaxşı, sən qüvvətli pəhləvan olasan, camaatın üzünə çıxmayasan? Beçə dərviş paltarını geyinib, kəşkül və təbərzinini də götürüb bazara çıxdı. Özünü saxlaya bilməyib bir qəsidə oxudu. Camaat böyüklü-kiçikli tamaşaya çıxdı. Bu xəbəri Mənzər şah eşitdi; şah əmr edib dərvişi hüzura gətirtdi. Şah üzünü dərvişə tutub dedi: – De görüm, sən kimsən və sən nə haqnan mənim məmləkətimdə dərvişlik eləyirsən. Dərviş dedi: – Qibleyi-aləm, mən bir dərviş babayam, şəhərləri kəndləri qapıqapı gəzib özümə çörək pulu qazanıram. Padşah vəzirləri çağırıb bu dərvişin kim olduğunu soruşdu. Padşahın iki vəziri var idi. Birinin adı Bəhmən, o birisinin adı Cənnət vəzir idi. Bəhmən vəzir mərdimazarlıqda, şeytançılıqda ad qazanmışdı. Cənnət vəzir isə yumşaq təbiətli, qanacaqlı bir adam idi. Bəhmən vəzir padşahın hüzuruna gəlib dedi: – Padşahım sağ olsun, bu boyda, bu buxunda dərviş olmaz, bu Hindistan padşahının kiçik oğlu Cahangirə oxşayır. Padşah Cənnət vəzirin fikrini bilmək istəyirdi, bu vaxt Cənnət vəzir qabağa yeriyib təzim eləyərək dedi: – Qibleyi-aləm, bu, bir Beçə dərvişdi, hindli-zad deyil. Hardansa gəlib çıxıb bizim məmləkətə. Padşah hər iki vəzirin sözündən sonra yenə də şübhəyə düşüb bunun öyrənilməsini Bəhmən vəzirə tapşırdı. Bəhmən vəzir dedi: – Padşahım sağ olsun, bunu aparaq bir içki məclisinə, çalğıçı dəstəsinə deyək çalsın, hərgah çalğıçıya qulaq asmasa, onda bilərik ki, dərvişdi. Yox, keflənib çalğıdan nəşə alsa, onda bilərik ki, xəbərgünəndeyihindidi. Vəzirin dediyi kimi elədilər. Padşah qulaq asırdı. Beçə dərvişin qabağına şərab gətirdilər, başladı içməyə. Bir azdan sonra bir tərəfdən çalğı çalındı. Çalğı səsi eşidən kimi, dərvişin tükləri biz-biz olub, içki içə-içə çalğıya tamaşa elədi. Bu vaxt Bəhmən vəzir üzün padşaha tutub dedi: – Sizə dedim ki, bu xəbərgünəndeyi-hindidi. Cənnət vəzir bu işin üstünü örtmək istəyib dedi: – Hərçəndi dərvişlərin hamısı tiryəki, bəngi olurlar, ancaq elə dərviş də var ki, yaxşı içib heç keflənməz; elə də dərvişlər var ki, çalğıdan çox xoşu gələr. Padşah yenə də məsələni ayırd eləyə bilmədi. Bu səfər də dərvişin kim olduğunu öyrənməyi Cənnət vəzirə tapşırdı. Cənnət vəzir dedi: – Padşahım sağ olsun, mən bu gecə dərvişi evə aparıb tamam-kamal öyrənərəm ki, görüm o kimdi. Cənnət vəzir dərvişi götürüb evə gəldi. Cənnət vəzirin evdə on beş yaşında Gülqonça xanım adında bir qızı varıdı, bu qız o qədər gözəl idi ki, yemə, içmə, gül camalına, xətti-xalına tamaşa elə. Axşam oldu, aralığa yemək gətirdilər. Dərviş kəmali-ədəblə durub əlini-üzünü yudu, süfrəyə oturdu. Çörək yeyəndən sonra vəzir dərvişdən soruşdu: – Beçə dərviş, düzünü de görüm, sən dərvişsən, yoxsa xəbərgündeyihindisən. Dərviş dedi: – Mən dərviş-zad deyiləm, mən Hindistan padşahının balaca oğlu Cahangirəm. Vəzir dedi: – Qorxma, mən səni padşahın əlinə verməyəcəyəm. Sənə kimdən xəbər verim, Gülqonça xanımdan. Gülqonça xanım dərvişin üzünü görən kimi ona məhəbbət bağladı. Öz kənizlərini başına yığıb ağlamağa başladı. Kənizlər buna ürək-dirək verib deyirdilər: – Xanım, bu, ayıb işdi. O, dərvişin birisidi, sənə yaraşmaz ki, ona aşiq olasan, çıxart bunu qəlbindən. Atan bilsə yaxşı olmaz. Qız bir təhər özünü saxladı. Gecə yatmaq vaxtı gəldi. Oğlandan ötrü ayrı otaqda yer saldılar. Gecənin bir vaxtın idi. Qız özünü saxlaya bilməyib üz qoydu oğlanın otağına. Gördü ki, oğlan taxtın üstündə yatıbdı. Qız oğlana sarı yeriyib istədi ki, oğlanı öpsün. Oğlan yuxudan oyanıb qızı öz başının üstündə gördü. Hirslənib ona iki barmağıynan bir sillə vurdu. Qız qəşş elədi. Kənizlər tökülüb onu ayıltdılar. Qız ayılıb yenə üzünü oğlana tutdu, dedi: – Əzizim, iki gözüm, mən sənin qulunam, vur məni öldür. Neyləyim ki, sənə bənd olmuşam! Oğlan yenə qəzəblə qıza dedi: – Mən naməhrəmə əl vurmuram, çıx mənim yanımdan! Bu səsə vəzir oyandı, səs-küyün səbəbini soruşdu. Qız oğlanı sevdiyini atasına bildirdi, oğlanın qızı sillə ilə vurmasını da qulluqçular dedilər. Bu işdən vəzirin çox xoşu gəlib, dərvişin alnından öpüb dedi: – Doğrudan da sən iyid oğlansan. Qərəz, vəzir gecəynən mollanı çağırıb qızın kəbinini oğlana kəsdirdi. O gecəni Gülqonça Cahangirnən bir yerdə qucaqlaşıb yatdı. Sabah oldu, padşah Cənnət vəziri çağırdı ki, de görüm dərviş haqqında nə öyrəndin. Cənnət vəzir yenə əvvəlki sözünün üstündə durub dedi: – Padşah sağ olsun, bu bir dərviş adamdı. Bəhmən vəzir də əvvəlki inadından əl çəkməyib padşahı inandırdı ki, xəbərgünəndeyi-hindidi. Hər iki vəzir arasında mübahisə başlandı. Bəhmən vəzir yenə öz inadında durub padşaha dedi: – Padşahım sağ olsun, mənim bir də bir tədbirim var, bizim pəhləvanların hamısını çağıraq, bir pəhləvannan bu küştü tutsun, hərgah təbil-nağara çalınanda bunda həvəs oyansa, onda bilərik ki, bu dərviş deyil, padşahın oğludu. Yox, bunda heç bir hərəkət olmasa, onda yəqin edərik ki, dərvişdi. Bu söz padşahın ağlına batdı. Əmr elədi üç yüz pəhləvan hazır oldu. Padşahın həmişə yedirdib, içirdib bəslədiyi baş pəhləvanı Fərhad xan da burda idi. Dava təbli vuruldu. Dərvişə dava paltarı gətirdilər ki, geyinsin. Yeddi dəst paltar gətirdilər, paltarı geyəndə bir balaca qollarını qalxızan kimi paltarlar parça-parça oldu. Xəbəri padşaha yetirdilər ki, padşah sağ olsun, yeddi dəst paltar gətirdik, hamısını parçapar ça elədi. Padşah vəziri yanına çağırıb tədbir istədi. Vəzir dedi: – Ayrı əlacı yoxdu. Firəng padşahının bizə bağışladığı bir dəst paltar neçə ildi ki, anbarın küncündə qalır. Bəlkə bu paltar ona gəldi. Padşah əmr elədi həmin paltarı gətirdilər. Paltarı Beçə dərviş geydi, elə bil ki, əsil bunun əyninə tikilibmiş. Sonra qılınc gətirdilər, bir dəfə qılıncın dəstəsindən yapışıb, bir barmağıynan qılıncın ucunu əydi. Qılınc o saat sındı. Yeddi dənə yaxşı qılınc gətirdilər, hər birini bir dəfə qatlayan kimi sınırdı. Xəbər padşaha çatdı ki, bəs nə qədər yaxşı qılınc gətirdik, hamısını sındırdı, birdən Bəhmən vəzirin yadına düşdü ki, Firəng padşahı paltarnan bərabər, bir yaxşı qılıncı da peşkəş eləmişdi, onu gətirək bəlkə sındıra bilmədi. Padşah adam göndərdi anbardan qılıncı gətirdilər. Qılınc üç put ağırlığında idi, özü də xalis poladdan qayrılmışdı. İndi buna at lazım idi. Padşah əmr elədi nə ki, yaxşı atları var idi gətirdilər. Beçə dərviş hansı atın belinə bir dəfə əlini qoydusa, o saat atın beli sındı. Padşah əmr elədi Çin padşahının bağışladığı atı gətirdilər. Bəli, buna indi əmud lazımdı. Bəhmən vəzirin yadına düşdü ki, xəzinədə çoxdan bir yekə əmud saxlanılır. Adam göndərdi onu gətirdilər. Bu əmudun ağırlığı üç put idi. Beçə dərviş paltarı geyib, qılıncı belinə bağlayıb ata suvar oldu. Təbli-cəng çalındı, camaat dörd tərəfi tutmuşdu. Fərhad xan meydan sulayırdı. Beçə dərviş özünü meydana yetirdi, bunlar meydanda olsun, gəl sənə xəbər verim padşahın qızından. Mənzər padşahın Simuzər adında gözəl bir qızı varıdı. Qız çoxdan bu oğlanı görüb ona aşiq olmuşdu. Elə ki, oğlan dava meydanına girdi, Simuzər xanım yuxarıda oturub həsrətnən tamaşa eləməyə başladı. Beçə dərviş Fərhad xana yaxınlaşıb dedi: – Bizlərdə fürsəti hərifə verərik, indi növbə sənindi. Vur qılıncı görək. Fərhad xan bığıburma, yekəqarın, eybəcər bir pəhləvan idi. Bunun qabağına əjdaha keçsəydi parçalardı. Beçə dərviş ona yaxınlaşıb, əvvəl Fərhad xanın vurmasına hökm elədi. Fərhad xan düşünürdü ki, mən əjdaha ilə vuruşan adamlardanam, bu mənim qabağımda nə davam eləyəcəkdi. Özünü sındırmayıb bir qılınc vurdu. Qılınc Beçə dərvişin qalxanına bir barmaq işlədi. Beçə dərviş qəzəblənib əl atdı Fərhadın yaxasına, onu elə atdı ki, Fərhad fırlana-fırlana yerə düşüb canı çıxdı. Simuzər xanım bunu görüb ürəkdən sevindi. Bəhmən vəzir əhvalatı padşaha bildirdi ki, evin yıxılmasın, nə durmusan, bunun qabağında dayanmaq olmaz! Padşah əlacsız qalıb vəzirləri yığıb məsləhət elədi. Cənnət vəzir padşaha yaxınlaşıb dedi: – Qibleyi-aləm, bu dərviş olmasa da, hörmət eləmək lazımdı. Bunda ki bu şücaət var, bir vaxt bizə lazım olacaq. Bu vaxt uzaqdan fil üstündə yekəpər bir adam üz qoyub meydana sarı gəldi, yaxınlaşıb padşaha bir kağız verdi. Kağızda yazılmışdı ki, Şam padşahı sənin qızını istəyir, əgər qızını verməsən, sabahdan davaya hazır ol. Vəzir kağızı oxuyandan sonra padşah çox bikef oldu. Fikir elədi ki, bunun gözünün ağı-qarası böyük pəhləvanı vardı, onu da Beçə dərviş öldürdü, bəs indi nə eləmək lazımdı? Buna nə cavab yazmaq lazımdı. Beçə dərviş izn istədi ki, mən ona yaxşı cavab verərəm. Padşah izn verdi. Beçə dərviş irəli yeriyib pəhləvana dedi: – Gedib padşahınıza deyərsən ki, o çox ağılsız adamdı! Ona görə bizdən ona qız yoxdu. Əlinnən nə gəlirsə əsirgəməsin! Sonra soruşdu ki: – Kifayətləndinmi? Pəhləvan cavab verdi ki: – Xeyr. Beçə dərviş dedi: – Onda bu saat kifayətləndirərəm. Beçə dərviş iki barmağıynan pəhləvanın qulağının birini çıxarıb ovcuna qoydu. Yenə soruşdu: – İndi kifayətləndinmi? Pəhləvan cavab verdi ki: – Yox. Beçə dərviş qəzəblənib, əl atdı həmin pəhləvanın burnunu dibindən qopardıb ovcuna qoydu, soruşdu: – İndi kifayətləndinmi? Pəhləvan bu səfər dedi: – Kifayətləndim... – Hə, elə isə get padşahına deynən ki, əlindən nə gəlir eləsin. Pəhləvanın burnundan, qulağından qan axa-axa üz qoydu getməyə. Hamı Beçə dərvişin bu hərəkətinə məəttəl qaldı. Bəli, Şam padşahı öz əyanlarıynan bərabər oturub Qırtasın yolun gözləyirdilər. Bir də gördülər ki, budu, Qırtasın burnundan, qulağından qan axa-axa yetirib əhvalatı padşaha dedi: – Mənzər padşahın vilayətinə bir pəhləvan gəlmiş ki, mənim kimi pəhləvanı bu günə saldı. Heç vaxt onun qabağında durmaq olmaz! Şam padşahı bunun acığına sabahdan davanı başlayacağını bildirdi. Gözünə döndüyüm Simuzər xanım davam gətirə bilməyib, gecəynən kənizləri Beçə dərvişin yanına göndərdi ki, aman günüdü, ondan ötrü ölürəm, tez özünü mənə yetirsin. Dərviş əvvəl məhəl qoymadı, sonra xanımın sözündən çıxmaq istəməyib, kənizlərnən bərabər qalaçaya getdi. Qalaça elə bir yerdə idi ki, dörd tərəfi uca divarnan hasarlanmışdı, quş-quşluğuynan bura qanad sala bilməzdi. Qərəz, oğlan özünü qıza yetirdi. Yeyib, içəndən, uzun söhbətdən sonra qucaqlaşıb bir taxtın üstündə yatdılar. Gəl sənə xəbər verim Qara Qəhrəmandan. Qara qəhrəman Simuzərin əmisi oğlu idi. Özü də Simuzəri çoxdan sevirdi. Amma qız ona məhəl qoymurdu. Həmin gün Qara qəhrəman qızın yanına gəlir ki, bəlkə onun razılığını aldı. Otağa girib qızın bir oğlannan qucaqlaşıb yatdığını görəndə sifəti qaraldı, gözləri hədəqədən çıxdı, tükləri bizbiz oldu. – Ay dadi-bidad, mən neçə ildi qızın eşqiynən sərgərdan gəzim dolanım, onun bir barmağını belə görə bilməyim, bir dərvişin birisi haralardansa gəlib qıznan qucaqlaşıb yatsın! Bu kişilikdən deyil, indi mən bunu parça-parça eləyəcəyəm, – deyib qılıncını çəkir, iki oğlanın alnından elə bir qılınc vurur ki, qılınc iki barmaq başa işləyir. Oğlanı qan götürüb özündən gedir. Qara Qəhrəman da qaçıb gizlənir. Qız oyanıb oğlanı bu halda görəndə az qalır bağrı çatlasın. Atasının qorxusundan bilmir nə eləsin. Tez kənizləri çağırıb Beçə dərvişi bir palaza bürüyüb öz atıynan şəhərin bir kənarına tulladır. Bəli, səhər oyanıb görürlər ki, Beçə dərvişdən xəbər yoxdu. Vəzir adam göndərib bütün şəhərin hər tərəfini axtartdırır, heç bir xəbər bilən olmur. Bir gün axşama qədər Beçə dərviş ölümcül halda dərənin dibində qalır, heç kəs soraq tutmur. Beçə dərvişin atı onu tək buraxmayıb yanında otlayırdı. Burda olan Sarıgədih adında yerdə Qırx haramı quldur yaşayırdı. Onlardan biri dərəyə düşüb atı gördü, tutmaq istədi. At həmin adamı yaxınına qoymayıb qabağına keçəni ağzıynan qapırdı, dal tərəfinə keçəni də təpiynən vururdu. Bu adam əhvalatı gəlib quldurbaşı Siyah şaha xəbər verdi. Siyah şah dərhal atı tutub gətirməyi əmr elədi. Bir neçə qaçaq Beçə dərvişin atını tutmaq istəyəndə gördülər ki, bir nəfər yaralı adamı palaza bürüyüb bura atıblar. Bunu götürüb Siyah şahın yanına apardılar. Siyah şah gördü ki, bu bir gözəl oğlandı, ancaq başından qılıncla yaralanmışdı. Oğlana yazığı gəlib, tez əmr elədi bir nəfər həkim gətirdilər. Siyah şah həkimi çağırıb dedi: – Bilmirəm, nə təhər olur olsun, tezliknən bu oğlanı sağaltmalısan! Həkim Siyah şahın sözündən çıxa bilmədi. Tez oğlana baxdı gördü ki, nəfəsində azca hənirti var. Üzünü Siyah şaha döndərib dedi: – Bu oğlanın baxtı o vaxt kəsib ki, qılınc bir barmaq artıq işləyibdi. Amma qılınc çox zəhərli qılıncmış, yazıqdan çox qan gedibdi. Həkim yeddi qazan süd gətirtdi. Südnən yaranı yudu. Bir dəqiqənin içində süd zəfəran rənginə döndü, ikinci dəfə yenə südnən yuyub, zəhərlənmiş südü atdı. Südnən yaranı o qədər yudu ki, axırda süd zəhəri təmizləyib öz rəngini aldı. Səhəri oğlan gözünü açdı. Başının üstündə Siyah şahı, bir də qaçaqları gördü. Üç gün bu minvalnan bunun başına müalicə elədilər. Həkimin tapşırığına görə, yavaş-yavaş bunun xörəyini artırdılar ki, bədənindən gedən qan yerini tutsun. Bir həftə bu munvalnan keçdi. Bir gün Beçə dərviş eşitdi ki, şəhərdə təbli-cəng çalınır. Baxıb gördü ki, bir nəfər meydanda atını cövlan etdirir, bunun qabağına çıxan heç bir adam tapılmır. Bu əhvalatı görən kimi, Beçə dərvişin tükləri biz-biz olub, qanı cuşa gəldi. Tez atını minib meydana getmək istədi. Siyah şah dedi: – Bala, yaran hələ sağalmayıbdı, gözlə, birdən dava-zad elərsən. Beçə dərviş dedi: – Xeyr, dava eləmərəm. Atı minib meydana sarı getdi. Atını bir tərəfdə bağlayıb özü də camaata qoşulub başladı tamaşa eləməyə. Meydanda at oynadan həmin burnunu, qulağını kəsdiyi Qırtas pəhləvan idi. Beçə dərviş yox olandan sonra Mənzər şahın bir nəfər də pəhləvanı qalmamışdı. Odu ki, Qırtas meydanda atını o yan, bu yana sürüb pəhləvan istəyirdi. Beçə dərviş tab gətirə bilməyib, ata minib üz qoydu meydana. Padşah, vəzir, əyanlar, camaat hamısı məyus olmuşdu. Qırtas qışqırırdı: – Hanı o axmaq Beçə dərviş. Deyin gəlsin mənim müqabilimə. Beçə dərviş irəli yeriyib dedi: – Neyləyirsən Beçə dərvişi, əvvəl mənnən vuruş, sonra Beçə dərviş gələr. Qırtas bunu saymayıb, rişxəndlə cavab verdi: – Sən nəsən ki, mənim qabağımda durasan. Səni mən bir qılıncnan yox elərəm. Bu söz Beçə dərvişə acıq gəlib dedi: – Uzun danışma, ya sən vur, ya mən vuracağam. Qırtas qalxanı başına çəkib dedi: – Vur! Beçə dərviş əl atıb qılıncın qəbzəsinə, çıxarıb ona elə bir qılınc vurdu ki, səsinə yeddi ağaclıqdan adamlar afərin dedilər. Qırtas iki parça olub, atıynan bərabər yerə sərildi. Beçə dərviş atı məhmizləyib camaat içindən yox oldu. Bəli, padşah gördü ki, bir nəfər naməlum adam meydana girib buna köməklik elədi. Üzün vəzirə tutub dedi: – Bəhram vəzir, sən vaxtında qoymadın ki, biz Beçə dərvişi əlimizdə saxlayaq. İndi bərk günümüzdə əlimizdən tutardı. Gəl sənə kimdən xəbər verim, Qırtasın yaşadığı şəhərin padşahından. Bu padşah Qırtasın öldürülməsini eşidib qəzəbləndi. Əmr edib birinci pəhləvanı Vərğanı üç yüz min qoşunnan davaya göndərdi. Mənzər şah gördü ki, budu, qoşunun ucu açıldı. Vəzirləri çağırıb dedi: – Tədbir görün görək nə qayıraq. Təbili kimin adına vuraq? Vəzir dedi: – Padşah sağ olsun, heç bir əlacımız yoxdu. Təbili vurdurarıq, qabağa kim çıxar-çıxar. Vərğa özünü meydana yetirib pəhləvan istəyirdi. Yenə bunu Beçə dərviş dağdan gördü. Özünü saxlaya bilməyib, Siyah şahdan izn istədi. Siyah şah dedi: – Sən gedib meydana girəndə özünü saxlaya bilməyib dava edəcəksən, ancaq onu bil ki, sənin bədəninin qanı hələ öz yerini tutmayıbdı. Beçə dərviş hirslənib dedi: – Mən özümü saxlaya bilmirəm, burda qalsam naxoşluğum artar, izn ver gedim. Siyah şah öz adamlarından iyirmi nəfərini Beçə dərvişə qoşub yola saldı. Beçə dərviş iyirmi nəfər atlıynan üz qoydu meydana. Vərğa pəhləvan gördü ki, bir nəfər cavan oğlan ona tərəf gəlir. Vərğa pəhləvan atını oynadıb qışqırırdı: – Hanı o axmaq Beçə dərviş, gəlsin bərabərimə, ona göstərim ki, analar necə oğullar doğublar. Beçə dərviş irəli yeriyib dedi: – Ey pəhləvan, gəl sən əvvəl mənnən vuruş, sonra Beçə dərviş özünü yetirər. Vərğa buna başdan ayağa qədə6#601;blənib qışqırdı: – Ey pəhləvan, indi sən özünü məndən gözlə. Gör mən sənə neyləyəcəyəm, – deyib qılıncı endirdi. Qılınc Vərğa pəhləvanın başını iki parça eləyib yerə saldı. Hər tərəfdən əhsən-əhsən səsi göyə ucaldı. Yenə Beçə dərviş atını sürüb yanındakı qaçaqlarnan bərabər başladı getməyə. Simuzər xanım külafirəngidə oturmuşdu, neçə gün idi ki, gülünü itirən bülbül kimi mat-məəttəl qalmışdı. Qı%6#601;blənib qışqırdı: – Ey pəhləvan, indi sən özünü məndən gözlə. Gör mən sənə neyləyəcəyəm, – deyib qılıncı endirdi. Qılınc Vərğa pəhləvanın başını iki parça eləyib yerə saldı. Hər tərəfdən əhsən-əhsən səsi göyə ucaldı. Yenə Beçə dərviş atını sürüb yanındakı qaçaqlarnan bərabər başladı getməyə. Simuzər xanım külafirəngidə oturmuşdu, neçə gün idi ki, gülünü itirən bülbül kimi mat-məəttəl qalmışdı. Qırtasnan Vərğa pəhləvanın öldürülməsini görüb, öz-özünə fikirləşirdi ki, indi Beçə dərviş sağ olsaydı, pəhləvanların cavabını verərdi. Şam padşahı bu dəfə bir az da artıq qəzəblənib ən güclü pəhləvanı Xunxarın davaya getməsini əmr elədi. Xunxar hələm-hələm davalara getməyən qüvvətli pəhləvan idi. Xunxar altı yüz min qoşun götürüb meydana üz qoydu. Mənzər şah gördü ki, bunun öhdəsindən gələ bilməyəcək. Odu ki, vəzirləri çağırıb dedi: – Tədbir tökün, yoxsa bu, bizim hamımızı qıracaq! Cənnət vəzir qabağa yeriyib dedi: – Qibleyi-aləm, həmin naməlum adam ki, Şam padşahının pəhləvanlarını öldürdü, o adam dağa sarı getmişdi. Əlacımız budu ki, gedib onu bir cür təvəqqeynən bura gətirək. Yoxsa bizim heç bir adamımız yoxdu, gərək təslim olaq. Padşah adam göndərib bütün əhvalatı Beçə dərvişə çatdırdı. Beçə dərviş razı oldu. Həmin gün gəlib davaya başladı. Xunxarnan üç gün, üç gecə dava elədikdən sonra ona elə bir əmud ilişdirdi ki, başı parçapar ça oldu. Qoşun bunu görən kimi üz qoydu qaçmağa. Bu burda qalsın, sizə xəbər verək qızdan. Qız Beçə dərvişin sağsalamat gəlməsini görüb, kənizləri göndərdi ki, axşama bizə qonaq gəlsin. Beçə dərviş fikir elədi ki, əgər mən getməsəm, elə xəyal eləyəcək ki, Qara Qəhrəmandan qorxuram. Nə olsun, getməliyəm. Bir az keçəndən sonra Beçə dərviş qızın qalaçasına getdi. Kənizlər bunun əlin, ayağın yuyub ovuşdurdular, sonra ortalığa yemək gəldi. Simuzər xanım Beçə dərvişə öz can-ciyəri kimi qulluq eləyirdi. Qərəz, yeməkdən sonra yatmaq vaxtı gəldi. Taxtın üstündə ipək döşəkdən yer salıb qucaqlaşıb yatdılar. Qara Qəhrəman öz əmisi qızıynan görüşməyə gəlirdi. Otağa girəndə gördü ki, bir nəfər adam qıznan qucaqlaşıb yatıbdır. Bunu görən kimi, gözləri hədəqədən çıxdı, az qaldı ki bağrı çatlasın. Diqqətlə baxıb tanıdı ki bu həmin keçən dəfə yaraladığı Beçə dərvişdi. Qılıncı çıxarıb öz-özünə mırıldandı ki, bu səfər elə bir toy tutum ki, bir də gözünü açmayasan. Yaxınlaşıb gördü ki, şirin yuxudadırlar. Taxtın yuxarı tərəfində bunların başının üstündə bir böyük limon ağacı qoyulmuşdu. Qılıncı qaldırıb oğlanı vurmaq istəyəndə qılıncın ucu ilişdi limon ağacına. Beçə dərviş səsə gözün açdı. Qabağında Qara Qəhramanı görəndə o saat ayağa durub, tutdu onun xirtdəyindən, elə o saat Qara Qəhrəmanı boğub öldürdü. Xidmətçilər onun ölüsünü götürüb eşiyə atdılar. Səhər olcaq padşah gördü ki, təbil-nağara çalınır. NəhənganiNəhəng meydanda qənim axtarır. Xəbər göndərdilər Beçə dərvişə. Beçə dərviş padşahın yanına gəlib dedi: – Qibleyi-aləm, mən daha dava eləməyəcəyəm, mənim bir şərtim var, onu qəbul eləsəniz, ölənə qədər siznən varam. Əgər qəbul eləməsiniz, bu gündən sizin məmləkəti buraxıb gedəcəyəm. Padşah dedi: – De görüm, o nə şərtdi? Beçə dərviş dedi: – Qibleyi-aləm, sizə məlumdu ki, mən Hindistan padşahının oğluyam, özüm də Beçə dərviş adıynan sizin məmləkətdə dolanıram. Pəhləvanlıqda olan şücaətim də sizə məlumdu. Sənin qızını sevirəm, o da məni sevir, qızını mənə ver. Padşah əvvəlcə razı olmadı. Vəzirləri məsləhətə yığdı. Cənnət vəzir irəli gəlib dedi: – Qibleyi-aləm, Sərhəngi şah altı yüz min qoşunnan hücum eləyib məmləkəti dağıdacaq, biz də gərək səltənətimizi, var-yoxumuzu əldən buraxıb, ona təslim olaq. İndi ki, belə gəldi, qızı verməyimiz təslim olmağımızdan yaxşıdı. Padşah Cənnət vəzirin sözünü bəyənib Beçə dərvişə sifariş elədi ki, mən razıyam. Sabahısı bütün qoşuna xəbər verdilər, hamı şadlıq elədi. Padşah Simuzərin kəbinini kəsdirdi Beçə dərvişə. Bir gün axşama qədər yeyib, içib keyf elədilər. Bunlar keyf eləməkdə olsunlar, Nəhəngani-Nəhəng meydanda at cövlannadırdı. Beçə dərviş qızın eşqiynən şadlanıb üz qoydu meydana. Bəli, bu səfər öylə vuruşma başlandı ki, bütün camaat damdan, bacadan, evdən çıxıb tamaşa eləyirdi. Üç gün, üç gecə dava elədilər, birbirinə bata bilmədilər. Axırda Beçə dərviş hirslənib əl atdı əmuda. Dizini qoydu yerə, ona elə bir əmud ilişdirdi ki, Nəhəngani-Nəhəng dizinə kimi torpağa batdı. İkinci əmudu qalxızıb endirəndə NəhənganiNəhəng qurşağa qədər torpağa batdı. Bunu belə görüb, bir nərə çəkib üçüncü əmudu elə vurdu ki, qabağındakı pəhləvan palçıq kimi əzilib yerə yapışdı. Padşah Beçə dərvişin bu şücaətinə heyran qalmışdı. Sərhəngi-Şamın qoşunu üç ağac geri çəkildi. Sonra Sərhəng padşah qəzəblənib vəzirini çağırıb məsləhət elədi. Vəzir ağıllı vəzir idi. Bir az fikirləşdikdən sonra dedi: – Bizim şücaətli, bacarıqlı pəhləvanlarımız hamısı davada öldü. Əgər biz bu davadan qaçsaq, onda gərək məmləkətimizi, var-yoxumuzu Mənzər şaha təslim edək. Ancaq mənim fikrim belədi ki, xəbər göndərək Divicəng adlı pəhləvanı gətirək. Bizə bir çarə olsa, ancaq ondan olacaq. Bu məsləhət padşahın ağlına batıb, adam göndərdi Divicəngin dalınca. Divicəng gəldi. O, heç bir qoşun götürməyib Beçə dərvişin meydanına gəldi. Beçə dərviş gördü ki, bu pəhləvan onlar kimi deyil. O qədər nahamvar pəhləvandı ki, bunnan təkbətək bacara bilməyəcək. Simuzər xanım da Beçə dərvişin bu səfər meydana getməsinə razı deyildi. Amma ayrı əlac yox idi. Beçə dərviş getməyə vadar oldu. O, belə güman eləyirdi ki, düşmənin qabağından qaçmaq heç kişilikdən deyil. Nə isə, atını minib meydana üz qoydu. Divicəng gördü ki, bir nəfər adam gəlir meydana ki, bunu bir zərbədə həlak etmək olar. Cəngi-mərəkə başlandı. İndiyə qədər pəhləvanlara fürsət verən Beçə dərviş bu səfər fürsəti düşmənə verməyib, qılıncı sivirib ona elə bir qılınc vurdu ki, o saat Divicəngin başı yerə düşdü. Sonra Beçə dərviş Sərhəng şahın qoşununu dağıtdı. Bir tərəfdən qoşunun sınması, o biri tərəfdən də pəhləvanın olmaması Sərhəng şaha çox təsir elədi. Sərhəng şah hələlik davanı yatırtdı. On beş gün dava olmadı. Beçə dərviş hər iki arvadıynan bərabər keyfə məşğul oldu. Bir gün Sərhəng şah öz vəziriynən məsləhət edib intiqam almağı qərara aldılar. Vəzir dedi: – Qibleyi-aləm, axırıncı çarəmiz bundan ibarətdi ki, Mərcani-cadu adında böyük bir dev pəhləvanı var, özü də cadugərdi. Əgər biz onu ələ gətirə bilsək, onda Beçə dərvişi öldürə bilərik. Beçə dərviş öləndən sonra bu ölkəni dağıtmaq bir saatın işidi. Padşah bu səfər də vəzirin sözünü qəbul eləyib bir kağız yazdı Mərcani-cadunu gətirtdi. Mərcani-cadu hiyləgər bir dev idi ki, başında on dörd nəfər cadugər dev vardı. Onlarda elə bir sehr vardı ki, dava vaxtı onlara atılan oxların hamısı qayıdıb atan adamın özünə dəyirdi. Dava başlandı. Beçə dərviş başladı cəng eləməyə. O gün davada atdığı oxların hamısı qayıdıb özünə dəydi. Axşama qədər dava elədilər. Beçə dərviş bir şey eləyə bilməyib, bir neçə yerindən yaralı halda evə qayıtdı. Kənizlər, qulluqçular bunun əlin, ayağın yuyub yaraların bağladılar. Səhər olcaq Beçə dərviş öz qaynatası Cənnət vəzirin yanına gəlib əhvalatı ona danışdı. Cənnət vəzir dedi: – Şəhərimizə neçə gündür ki, bir elmli, mərifətli həkim gəlib. Bu işi bilsə, bircə o biləcək. Səhər davanı qurtarıb Beçə dərviş həkimi çağırtdırdı. Əhvalatı ona danışdı. Həkim dedi: – Mən elə bir elm öyrədərəm ki, həmin devlərin caduları qüvvədən düşər, nə qədər ox, filan atsalar, hamısı qayıdıb özlərinə dəyər. Beçə dərviş həmin həkimdən o elmi öyrəndi. Sabah tezdən dava meydanında hazır olub təbil cəngi vuruldu. Mərcani-cadu bunun meydanına bir dev göndərdi. Dev birinci oxu atanda ox qayıdıb özünə dəyib öldürdü. Bu minvalnan Beçə dərviş Mərcani-cadunun bütün devlərini öldürdü, ancaq Mərcani devnən özü salamat qaldı. Dava yatırıldı. Mərcani-cadu fikir elədi ki, Beçə dərvişi hiyləynən tutmaqdan başqa ayrı əlacı yoxdu. Bəli, gecə rəml atıb gördü ki, Beçə dərviş qələdə Simuzər xanımnan qucaqlaşıb yatmışdır. Dərhal iki dev çağırıb dedi: – Gedib qələdə Beçə dərvişnən qızın burunlarına bihuşdarı iylədib, əl-ayaqlarını sarıyıb gətirərsiniz. Gecənin bir vaxtı idi, devlər özlərini qələyə yetirdilər, bir sehr oxuyub hiyləynən içəri girdilər. Belə ki, xidmətçilərin heç birinin xəbəri olmadı. Beçə dərvişnən qızın yatdığını görüb burunlarına bihuşdarı buraxdılar. Biri oğlanı, o biri qızı sarıyıb dallarına aldılar. Beçə dərviş gözünü açıb gördü ki, devin dalında əl-ayağı sarıqlı gedir. Bir təhərnən əlinin birini çıxardıb devin boğazından tutub başladı boğmağa, bir çətinliklə devi öldürdü. O biri dev bu halı görən kimi qızı götürüb qaçdı. Beçə dərviş yüyürüb bunu da tutdu, başladılar əlbəyaxa güləşməyə, dev çox güclü idi. Odu ki, Beçə dərviş çətinlik çəkirdi, axırda bir nərə çəkib devi elə vurdu ki, parça-parça oldu. Sabah oldu devlər qayıtmadılar. Mərcani-cadu yəqin elədi ki, devləri öldürdülər. Odu ki, bu dəfə özü getdi. Qıznan oğlanın burnuna bihuşdarı buraxıb əllərini bərk-bərk sarıyıb atdı dalına. Birbaş gətirdi Şam padşahının sarayına. Yolda iki dəfə oğlannan qız istədilər ki, ayılsınlar, Mərcani-cadu tez bihuşdarını iylədib qoymadı ayılsınlar. Padşah gördü ki, bu, cavan, qoluqüvvətli pəhləvandı. Qız da o qədər gözəldi ki, baxanda adamın ağlı gedir. Tez əmr elədi oğlanı atdılar dəmir zindana. Qızı da öz sarayında saxladı. Oğlan gecənin bir vaxtı gözünü açıb gördü ki, bir zindandadı. Sabah padşah adam göndərdi qıza ki, mənim bu qədər əlləşib qoşun qırdırmağım, pəhləvanlarımı həlak etməyimin baisi sənsən, indi desin görüm mənə gəlir, ya yox. Qız xəbər göndərdi ki, and olsun anamın südünə, əgər mənə yaxın gəlsən, o saat özümü öldürəcəyəm. Padşah naəlac qalıb məsələni bir qədər yatırtdı. Sabah açılan kimi altmış min qoşun göndərib Mənzər şahın taxtını tarac eləyib bütün qoşunlarının hamısını təslim etdirdi. Padşahın vəzirini də tutub zindana saldırdı. On yeddi il Beçə dərviş, padşah və vəzirlər zindanda qaldılar. Qız da padşahın sarayında qalıb gün-gündən saralırdı. Bunlar burda qalmaqda olsun. Gəl sizə xəbər verim vəzirin qızı Gülqönçə xanımdan. Gülqönçə xanım Beçə dərvişnən evlənəndən sonra bir uşaqları olmuşdu. Uşağın adını Rəşid qoymuşdular. Oğlan böyüyüb məktəbə gedirdi. Bir gün uşaqlarnan oynayan zaman uşaqlardan biri Rəşidnən dalaşıb dedi: – Ey bic, atasından bixəbər Rəşid! Rəşid on beş yaşında ağıllı-kamallı bir oğlan idi. Ona görə bu söz ona toxundu. Tez evə qayıdıb nənəsindən soruşdu: – Nənə, doğrusunu deyirsən de, demirsən özümü öldürəcəyəm! Mənim atam kimdi? Mən kimin oğluyam? Nənəsi dedi: – Oğul, sənin atan məşhur pəhləvan Beçə dərviş idi ki, onu Sərhəngi-Şam padşahı tutub əsir eləmişdi. İndi bu saat zindanda yatır. Oğlan bu gündən sonra başladı fikir eləməyə. Atası kimi o da qoçaq idi. Fikir eləyirdi ki, nə təhər olursa-olsun, gərək atamın imdadına çatam. Bir gün uşaqları başına yığıb dedi: – Gəlin şah-şah oyunu oynayaq. Hamısı razı oldular. Rəşid dedi: – Uşaqlar, mən şah olacağam. Özü də durdu bir uca yerdə çağırdı; oğlanlar hamısı bir ağızdan dedilər: – Bəli şahım! – Oğlanlarım, tutun filankəsi gətirin bura! Yeddi uşaq gedib bir nəfəri tutub gətirdilər. – Alın bundan beş dirhəm pul! Hamısı ondan beş dirhəm pul aldılar. Sabahı həmin oyunu oynamağa altmış nəfər uşaq yığıldı. Yenə özü uca yerə çıxıb dedi: – Oğlanlarım! Hamısı bir ağızdan dedilər: – Bəli, şahım! – Oğlanlarım, hərə bir qapıdan adama bir dirhəm pul yığmalısınız! Hərəsi bir qapıdan həmin pulu alıb gətirdilər. O gün yığılan pullardan Rəşid hərəsinə bir balaca uşaq xəncəri aldı. Sabah bu oyunu oynamaq üçün yüz uşaq yığıldı. Rəşid yenə əmr elədi: – Hərə hücum eləyib beş dirhəm pul yığmalıdır. O pula da uşaqlar üçün qılınc aldı. Beləliknən, bir neçə günün müddətində Rəşid öz başına beş-altı yüz uşaq yığdı. Hər gün həmin oyunu oynayıb yığdığı pula bir şey alırdı. Bir azdan sonra yaxın kəndlərin uşaqları da bunlara qoşuldu. Yavaş-yavaş bu dəstənin adı məmləkətdə məşhurlaşdı. Bir-iki ilin içində Rəşid məmləkətdən öz başına qırx minə kimi qoşun cəlb elədi. Yığdıqları puldan hamısına paltar aldı, özü də onların böyüyü oldu. Rəşid on yeddi yaşına yetişib atası kimi qüvvətli bir pəhləvan olmuşdu. Bir gün Sərhəng şaha bir kağız yazdı: “Ey padşah, mən Rəşid xan öz qoşunumla bərabər səni davaya çağırıram. Ya mənim qabağıma çıx, ya da ki, təslim ol!” Padşah bu kağızı alan kimi fikir elədi: Aya, görəsən bu nə cür adamdı ki, məni davaya çağırır. Padşah dava üçün qoşun göndərdi. Rəşid gördü ki, bunun müqabilinə qoşun gəlir. İkinci bir kağız yazıb göndərdi. Kağızda yazılmışdı: “Ey padşah, mən sənin qoşununnan dava eləmək istəmirəm. Mən sənin özünnən dava eləmək istəyirəm. Heç insaf deyil ki, iki nəfərdən ötrü bu qədər qoşunu qırdıraq.” Kağızı verdi bir nəfərə, dedi: – Aparıb bu kağızı padşahın hüzurunda ucadan oxuyarsan. Kağız çatdı padşaha. Padşah kağızın məzmunundan xəbərdar olub çox fikrə getdi. Qoşun əhli bu xəbəri eşidən kimi hamısı bir ağızdan dedi: – Biz dava eləmirik. Doğrudan da rəva deyil ki, iki nəfərdən ötrü bu qədər qoşun puça çıxsın. Padşah naəlac qalıb qılıncı bağlayıb meydana gəldi. Bəli, Rəşid gördü ki, padşahın özü davaya gəlibdi. Meydanda cəngi-mərəkə başlandı. Rəşid padşaha yaxınlaşdı, onun ürəyi yanmışdı, ona heç bir qılınc vurmaq istəməyib yapışdı yaxasından. Padşahı götürüb yerə elə vurdu ki, bir dəfə ağzını açdı. Padşahı öldürəndən sonra hücum elədi onun məmləkətinə. Sonra zindanı açıb padşahı, atasını, vəziri xilas elədi. Atası zindandan xilas olandan sonra gördü ki, onları azad eləyən on yeddi yaşında elə bir oğlandı ki, misli dünyada yoxdu. Bu oğlana çox məhəbbət bağladı. Oğlan atasıynan qucaqlaşıb öpüşdü. Bu zaman oğlan atasına başa saldı ki, vəzirin qızından olan oğludu. Rəşid o saat Mənzər şahı taxta çıxardı, öz babasını da yenə vəzir elədi. Özləri də onların xidmətçiliyində qaldılar. Bir müddət burda qalandan sonra Beçə dərviş oğluna dedi: – Oğul, gəl sənnən bir Hindistan səfərinə gedək. Oğlu da razı olub, bir neçə gün hazırlaşıb Hindistana gəzməyə getdilər. Bəli, çox gedib, az gedib Hindistana yetişdilər. Bunlar padşahın yanına gedib güləşməyə pəhləvan istədilər. Bu yerin padşahı əmr elədi nə qədər qüvvətli, şücaətli pəhləvan varsa meydana gəlsin. Rəşid xəbər göndərib dedi: – Bəs mən pəhləvanlarnan güləşmək istəmirəm, mən padşahın özüynən güləşəcəyəm. Əbəs yerə pəhləvanları qırdırmaq lazım deyil. Padşah naəlac qalıb meydana gəldi. Atası Rəşidə tapşırmışdı ki, padşahnan güləşəndə onu çox incitməzsən. Qərəz, vaxt o vaxt oldu ki, bunlar küştü tutmağa başladılar. Bir qədər padşahnan əlləşəndən sonra hirslənib padşahın yaxasından tutub yerə qoydu. Atası Beçə dərviş bunu görən kimi yaxına gəlib oğluna bir sillə vurdu, dedi: – Sənə tapşırmadım ki, bunu incitməzsən? Get onun əlini öp! O sənin əmindi. Padşah bunu görüb məəttəl qaldı. Oğlan tez gedib əmisinin əlindən öpdü. Bir gün Rəşidin əmisi Beçə dərvişi çağırıb dedi: – Gəlin bir səfər tədarükü görək. Bunlar da razı oldular. Əlqərəz, padşah xəbər elədi vəzir, vəkil hazır oldular, üz qoydular şikara. Çox gedib, az gedib yetişdilər bir səhraya. Nə təhər oldusa, hər üçü qoşun əhlindən uzaq düşdü. Qabaqda əmisi, ondan sonra atası, lap axırda Rəşid gedirdi. Bir xeyli getdikdən sonra qabaqlarına bir ahu çıxdı. Hər üçü ahunu tutmaq istədi. Ahu qaçdı, bunlar qovdular. Gethaget bir dağın ətəyinə yetişdilər. Ahu dağa sarı qaçdı, bunlar da onun dalınca. Bir qədər atları qovandan sonra ahunu gözdən itirdilər. Özləri də qayıtmaq istəyəndə qaranlığa düşüb yolu azdılar. Bir xeyli fikirləşəndən sonra gördülər ki, bir çıraq işığı gəlir. Hər üçü o işığa tərəf atlarını sürdü. Gethaget-gethaget, axırı işığa yetişdilər. Gördülər ki, bir xaraba evdi, içində bir şam yanır. Nə qədər o yan-bu yanı axtardılarsa, bir adam tapmadılar. Axırda o gecəni orda qaldılar. Beçə dərviş çöl görmüş adam idi. Odu ki, başının altına bir parça daş qoyub yatdı. Oğlu Rəşid də buna baxıb yatdı, ancaq qardaşı Ərkə yatmayıb oturdu. Xahi-naxahi gecəni quru torpaq üzərində yatdılar. Səhər işıqlanan kimi hər üçü oyanıb bilmirdilər hara getsinlər. Axırı üz tutub biyabana sarı getdilər. Az gedib, çox gedib dağ ətəyinə yetişdilər. Bir təhərnən dağı aşıb bir dərəyə düşdülər. Dərəynən bir qədər gedəndən sonra qabaqlarına bir dərya çıxdı. İki qardaş, bir də oğlu min igidə cavab verəcəyi halda, indi yolu itirib avara sərgərdan dolanırdılar. Fikir elədilər ki, dala qayıtsınlar, bəlkə yolu yenə azıb başqa yerə çıxalar, ya dərəynən getsinlər, bəlkə gedib sağ-salamat çıxdılar. Axırda Beçə dərviş dedi: – Oğlum, mən bu qədər davalara düşüb hamısından salamat qurtarmışam. Bu səfər də salamat qurtaracağıq. Gəlin dəryaynan səfər eləyək. Oğlu razı oldu. Amma qardaşı dedi: – Bizim bu səhrada padşahlığımız işə keçməz. Gəlin dala qayıdaq, bəlkə gedib bir yerə çıxdıq. Beçə dərviş qardaşının sözündən çıxmayıb dedi: – Dala qayıtsaq işimiz çətinliyə düşəcək. Amma böyük qardaşsan, sözünə baxmaq lazımdı. Böyük qardaşın sözünə baxıb geri qayıtdılar. Bu səfər gəldikləri yolu azıb ayrı bir yolnan getməyə başladılar. Gethaget, gethaget bir dərəyə rast gəldilər. Dərədə bir cığır yolu tutub getdilər. Bir tərəfdən günün istisi, bir tərəfdən də aclıq bunlara çox əziyyət verirdi. Axşama qədər bu dərəynən yol getdilər. Dərənin axırında tək bir ağac gördülər. Ağacın dibində balaca bir oyuq var idi. Rəşid atasıynan əmisinə heç nə deməyib həmin oyuğa girdi. Oyuğun içərisi çox böyük idi, adam atın üstündə gedə bilərdi. Rəşid bir qədər gedəndən sonra ayağı bir daşa ilişdi, gördü ki, daş ayağının altından bir az sivrişdi. Əyilib baxanda gördü ki, yerin altına yol var. Başladı bu yolnan getməyə. Bir xeyli gedəndən sonra gördü ki, burdan bir işıq gəlir. İşığa tərəf gedib bir otağa çıxdı. Gördü bir nazənin-sənəm qılçalarından asılıb. Oğlan bunu görən kimi ürəyi cuşa gəldi. Cavanlıq hissi başına vurub özünü qızın yanına yetirdi. Qız oğlanı görən kimi dedi: – Ay oğlan, canına yazığın gəlsin, qaç burdan qurtar. Sarı dev gəlib səni görsə, tikə-tikə eylər. Rəşid dedi: – Ay qız, sən heç qəm çəkmə, mən ölməmişəm, dev gəlib məni parçalasın. Qız yenə yalvarıb dedi: – Oğlan, yazıqsan, çıx burdan get. Oğlan dedi: – Onu bil ki, mən xəbərgünəndeyi-hindinin oğlu Rəşidəm. Özüm də davada, cəngdə heç bir cavandan geri qalmaram. Bunu deyib, qılıncın çəkib ipi kəsdi, sol əliynən qızı tutub yerə qoydu. Gördü qız nə qız: qəddi-qaməti sərv ağacı kimidi. Gözləri şəhla, qaşlar kaman saçları dizlərindən; elə bir gözəl qız ki, yeməiçmə, gül camalına, xətti-xalına tamaşa elə. Amma nə eləyəsən ki, yazıq qız ifritə bir devin əlində axşama qədər ayaqlarından asılıb, saralıb zəfərana dönübdü. Qız ürəkdən bir ah çəkib dedi: – Oğlan, mən Yəmən padşahının qızıyam. Bu sarı dev məni gecəynən atamın sarayından oğurlayıb buraya gətirmişdir. Üç ildi ki, ölümümə razıyam, devnən başbir eləməyə yox, buna görə də hər gün gündüzlər məni ipdən asır. Axşamlar bir qədər məni döyəndən sonra yıxılıb yatır. İndiyə kimi neçə-neçə cavanlar gəlib buna bata bilməmişlər, hamısını öldürüb. Əlqərəz, indi vaxtdı, gələcək, dur qaç. Mənim sənə yazığım gəlir, ürəyim nanə yarpağı kimi əsir. Mən o ifritədən qorxuram. Bunlar bu söhbətləri eləyən zamanda sarı dev mağaranın ikinci yolundan adam iysini alıb özünü yetirdi. İçəri girib oğlanı qızın yanında gördü. Qızarıb gözləri hədəqədən çıxdı. Qəzəblənib dedi: – Ey bəni-adəm, sən bilmirsən ki, mənim mağarama quş quşluğuynan qanad sala bilməz!? De görüm, nə haqnan sən bura gəlmisən? Oğlan dedi: – Mən bura gəlib bu qızı asılmış gördüm, onu açdım əlindən nə gəlir mənə elə. Dev qəzəblənib oğlana hücum elədi, dedi: – Hər kəs, hər kəsi bassa, o onu öldürsün. Oğlan razılaşdı. Başladılar devnən küştü tutmağa. Tamam iki saat bunlar güləşdilər, bir-birinə gücləri çatmayıb kənara çəkildilər. Qız bu halı görüb az qalırdı ürəyi partlasın. Əlini yuxarı qalxızıb deyirdi: – Ay Allah, sən Rəşidin qollarına qüvvət ver, bizi bu devin əlindən xilas elə! İkinci dəfə küştü tutmağa başladılar. Bir saat güləşdikdən sonra dev qəzəblənib oğlanın yaxasından tutdu. Tez qaldırıb oğlanı yerə vurdu. Qız başının tükünü yoldu. Dev oğlanı yerə yıxandan sonra qılıncı sivirib öldürmək istəyirdi. Bəli, bu burda qalsın, gəl sənə xəbər verim Beçə dərvişdən. Beçə dərvişnən qardaşı mağaraya yaxınlaşdılar. O yana baxdılar, bu yana baxdılar Rəşiddən bir əsər görmədilər. Beçə dərviş dedi: – Mən oğlumu tanıyıram, heç nədən qorxan oğul deyil. Yəqin ki, mağaraya giribdi. Tələsik bunlar mağaraya girdilər. Bir xeyli gedəndən sonra həmin quyu ki, Rəşid girmişdi, o quyunun başına yaxınlaşdılar. Beçə dərviş gördü ki, yerin altına bir yol gedir. Öz-özünə fikir elədi ki, Yəqin Rəşid bura düşüb. Qardaşıynan bərabər quyuya düşdülər. Bir qədər gedəndən sonra həmin işıq gələn yerə gəldilər. Elə o zaman yetişdilər ki, dev qılıncı sivirib Rəşidin başını kəsmək istəyir. Beçə dərviş bunu görən kimi elə bil başına bir qazan isti su tökdülər. Yetişib devin əlindən qılıncı alıb yerə atdı, yaxasından tutub silkələyib elə itələdi ki, dev fırlana-fırlana gedib dəydi daşa, o saat başı iki parça olub öldü. Rəşid ayağa durub atasının əlindən öpdü. Qız bu hadisəni görüb mat qaldı. Rəşid qızı götürüb mağaradan çıxdılar. Bəli, günə bir mənzil, teyyi-mənazil, qətli-məqafil, dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi sərsər kimi başladılar yol getməyə, gethaget, gethaget səhrada bir armud ağacının dibinə yetişdilər. Gördülər ki, armud ağacının dibində bir qarı oturub. Qarının üst-başı o qədər cındır idi ki, bir çuval darını tökərdin birisi yerə düşməzdi. Qarı əlində bir balaca düdük tutmuşdu. Böyük qardaşları qabaqda, ondan dala Rəşidnən qız, lap axırda Beçə dərviş qalmışdı. Ərkə özünü qarıya yetirib soruşdu: – Qarı nənə, o nədi əlində tutmusan? Qarı dedi: – Qadan-balan alım, bu bir düdükdü, çalanda adamın könlü açılır. Böyük qardaş dedi: – Qarı nənə, onu bir çal görək. Qarı düdüyü çalan kimi yeddi dev hazır olub Ərkəni atıynan bərabər yox elədilər. Rəşid qarının yanına yetişib dedi: – Qarı nənə, bəs o nədi? Qarı dedi: – Hə, qarı nənən sənə qurban, bu bir düdükdü, bunu çalanda bütün dünyada nə ki, nazı-nemətlər var, hamısı burda hazır olur. Rəşid dedi: – Qarı nənə, onu bir çal görək. – Qarı nənə, düdüyü çalan kimi devlər hazır oldular. Oğlanı, qızı o saat yox elədilər. Beçə dərviş qarının yanına gəldi. Qarını görən kimi ürəyinə damdı ki, cadukundu. Soruşdu: – Qarı nənə, o nədi? Qarı cavab verdi: – Qadan-balan alım, bu elə şeydi ki, bunu çalanda dünyada nə qədər gözəllər var, hamısı burda hazır olurlar. İstəyirsən çalım. Qarı düdüyü yarı-yarımçıq çalmamış, Beçə dərviş hücum eləyib qarının əlindən düdüyü alıb sındırdı, özünü də boğdu. Bu vaxt gördü ki, iki dev hazır oldu. Hücum edib bunların birini o saat öldürdü. O birisi üz qoydu qaçmağa. Beçə dərviş bunun dalınca yüyürüb qovdu. Bir xeyli gedəndən sonra gördü ki, bir dərəlikdi, ortada ocaq yanır, ocağın qırağında Ərkəni, Rəşidi, bir də qızı qolu bağlı uzadıblar. Elə istəyirlər ki, götürüb oda atsınlar. Ətrafda on iki dev oturub qarovul çəkir. Beçə dərvişin gözü qızıb əl atdı qılınca, hücum eləyib devlərdən üçünü öldürdü. Qalan devlər üz qoydular qaçmağa. Bunların bir neçəsini də qaça-qaça qılıncdan keçirdi. Qayıdıb qardaşının, oğlunun, bir də qızın əl-ayaqlarını açdı. Üzün tutub qardaşına dedi: – Bax, qardaş, yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq ər kişinin işidi. Atlara minib gəldilər şəhərə. Vəzir, vəkil, bir də camaat pişvaz edib, qırx gün, qırx gecə yeyib, içib şadlıq elədilər. Siz də yeyin, için muradınıza çatın. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin. Tap görüm almalar kimə çatdı.