Beş
Beş Müəllif: Şair Əbdüləzim |
Bu dünyada o nədir ki,
Bədəni bir, başı beş?
Hər başında dörd gözü var,
Hər gözündə qaşı beş.
O bədənin cəm gözündə
İyirmidi kirpiyi,
Ağlayanda qətrələnir
Hər kirpiyin yaşı beş.
Həm yeyilir, həm yeyilmir,
Həm şirindir, həm acı;
Cümlə aləm gözün tikib,
Olub onun möhtacı;
Dağı dəlir, daşı yarır,
Alır ondan xaracı;
Simü-zərdən cəsədinin
Çəkibdi nəqqaşı beş.
O bədənin hesabınan
Canda yüz damarı var;
Hər tərəfə yolu işlər,
Çox açıq bazarı var;
Hər kim ilə ülfət qılsa,
Ona xeyir-karı var;
Mən istərəm, qoy sinəmə
Dəysin onun daşı beş.
Nə ölüdü, nə diridi,
Nə əti var, nə qanı;
Bəni-insan cəmisində
Gedər gəzər hər yanı.
Əbdüləzim deyər, hər kəs
Tapsa bu müəmmanı,
Çox dərindən fikrə düşər.
Eyləyər təlaşı beş.