Belə əhd eyləmişəm, ey bacı, cananım ilən
Belə əhd eyləmişəm, ey bacı, cananım ilən Müəllif: Əbülhəsən Raci |
Belə əhd eyləmişəm, ey bacı, cananım ilən,
Ərseyi-Kərbübəladə boyanım qanım ilən.
Çünki bu cami-əcəldə şəkərü şəhdim var,
Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var,
Aləmi-zərrdə canan ilə bir əhdim var,
Varam öz eylədiyim əhd ilə, peymanım ilən.
Bacı, əhdim budu bu çöldə gərək qanə batam,
Qanımı Əkbərimin qanına şövq ilə qatam,
Can verib təşnə, gərək isti qum üstündə yatam,
Cismi-məcruhim ilə, sineyi-suzanım ilən.
Qan içində eləyim həqq ilə bir razü niyaz,
Budur əhdim ki, quram burda gərək məclisi-raz,
Can verən vəqtdə meydanda qılam, bacı, namaz,
Dəstəmazım ola bu şərt ilə öz qanım ilən.
Düşdü İbrahim əgər şövqi-həvayi-eşqə,
Etmədi tab, vəli dərdü bəlayi-eşqə,
Bircə qurban ilə gəldi o, Minayi-eşqə,
Gəlmişəm mən bura yetmiş iki qurbanım ilən.
Çəkmərəm dəm, dəmi-şəmşirdə, şəmşir nədir,
Xəncərü tiğ nədir, nizə nədir, tir nədir,
Məclisi-vəslə qədəm qoymağa təxir nədir,
Mən bu bəzmə gedirəm başım ilə, canım ilən.
Zövrəqi-cismimə var lücceyi-xun içrə nicat,
Təşneyi-eşqə verir suzi-ətəş abi-həyat,
İçmərəm gər tuta dünya üzünü abi-Fərat,
Bəzmi-vəslə gedirəm bu ləbi-ətşanım ilən.
Həq yolunda susuz ölmək demə zəhmətdi mənə,
Gözümə ox dəyə gər, eyni-məhəbbətdi mənə,
Aləmi-eşqdə hər zəhməti rahətdi mənə,
Dözərəm yüz belə zəhmətlərə bir canım ilən.
Çəkmərəm minnət ədudən, çəkərəm bu ətəşi,
Bacı, eşq aləminin çoxdu belə keşməkeşi,
Səni bazarə çəkərlər çü əsiri-həbəşi,
Şami-şum içrə əyali-şəhi-mərdanım ilən.
Əhli-Kufə yetirir zülmünü itmamə, bacı,
Bədənimdə dəxi qoymazla qala camə, bacı,
Nizələrdə apararlar başımı Şamə, bacı,
Bədənim yerdə qalar peykəri-üryanım ilən.
Şamdə məclisi-işrət qurular, söz demərəm,
Kuçəvu bamdə səf-səf duralar, söz demərəm,
Xeyzüran çubu nə qədri vuralar, söz demərəm,
Bəzmi-əğyardə mən bu ləbü dəndanım ilən.
Zeynəb ərz eylədi:--Qardaş, bilirəm ruzi-cəza
Sən ilə həşrə gəlir başlar əlində şühəda,
Üsəranı başıma cəm edərəm mən də, əxa,
Gələrəm məhşərə bu zülfi-pərişanım ilən.
Ümmətə cümlə şəfaət edərəm mən sən ilə,
Kərbəladə bulaşan qanına pirahən ilə,
Şimri-dunun yaxasından tutaram şivən ilə,
İstərəm qanını bu çaki-gəribanım ilən.
Ya Hüseyn, hövli-qiyamətdə yetiş imdadə,
Raciyəm, bircə ümidim sənə var üqbadə,
Ağlaram, olsa həyatım nə qədər dünyadə,
Gecə-gündüz sənə bu dideyi-giryanım ilən.