Belə gedərəm
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Ağa Becan, sultan Becan, xan Becan,
Ayrılmam Pərimdən, belə gedərəm.
Alış Becan, tutmuş Becan, yan Becan,
Ayrılmam Pərimdən, belə gedərəm.

Gözümlə görmüşəm öz məkanımı,
Yara qurban dedim şirin canımı,
Öldürsən də halal etdim qanımı,
Ayrılmam Pərimdən, belə gedərəm.

Nə müddətdi dərin dəryaya daldım,
O dəryadan dürr götürdüm, dürr aldım,
Şikəstə Abbasam, binəva qaldım,
Ayrılmam Pərimdən, belə gedərəm.