Əzizi-mükərrəm, du nuri-eynim,
Oxu dərdim, mətləb ara, bilginən.
Könlüm istəklisi, arizü deynim,
Uzaq düşdü səndən ara, bilginən.
Kani-kərəmindən qadiri-qəffar
Nəzər salsa, uzaq yolları açar.
Gecə-gündüz dildə iltimasım var,
Yalvarıram kirdigara, bilginən.
Elə bilmə, unutmuşam mən səni,
Fikrin hərdən dərdə salır bəndəni.
İncimə, bu yerdə bağışla məni,
Düz çıxaram etibara, bilginən.
Xoş günləri gedib, dönüb zamana,
Kəmənd atır hər tərəfdən insana,
İşi düzəlmir ki, baxsan hər yana,
Salır ləngə, çəkir dara, bilginən.
Həbibim, səslərəm Həbibullahı,
Yetişsin dadına şahların şahı!
Təkcə nicat versə o din pənahı,
İman gələr o diyara, bilginən.