Bilin siz (Aşıq Alı)
Bilin siz Müəllif: Aşıq Alı |
Qohum-qardaş, dost-müsahib yanında,
Günahkaram, günahkara bilin siz.
Bülbül fəğan eylər öz gülşənində,
Qızılgül həmdəmdi xara bilin siz.
Sinəm yara oldu dağı-düyündən,
Könlüm ayrılmadı öz miskinindən.
Kişi də dönərmi öz dediyindən?
Sinəm oldu para-para bilin siz.
Aşıq Alı deyər sözün aşkara,
Heç vaxt güvənmədim dövlətə-vara.
Düz oldum dostluğa, əhdə, ilqara,
Mənim bu dərdimə çara bilin siz.