Bilirəm (Millətə hər nə yazırsansa, rəvadır, bilirəm)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bilirəm
Müəllif: Cəfər Cabbarlı


Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.

Leyk yazdıqların əsla eləməz xalqa əsər,
Söyləyirsən, çığırırsan, bağırırsan da hədər,
Yenə millət babası getdiyi yol ilə gedir.
Boyasan rəng ilə daşı yenə daşdır, nə ki zər.
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.

Yazdığın daşları hərçənd kəbab etmədədir,
Köhnələr indi də bicliklə savad etmədədir,
Hamısı çəngü tərəb şürbə şitab etmədədir,
Qış gəlir, kürsü qurulmuş, hamı xab etmədədir.
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.

O ki, bir çoxları dövlətlilərinin zadəsidir,
Hamısı ləhvü ləəb, bicliyin amadəsidir,
Atası - lal, babası - əldə olan badəsidir.
O qoduqlar hamısı qızların iftadəsidir.
Onların dərdinə bir Anna dəvadır bilirəm,
Millətə hər nə yazırsansa, rəvadır bilirəm.

Hər nə yazsan yeri var, yazma itilget sözünü,
İş məqamında görərsən hamı örtər gözünü.
Səkkiz il baş darayar, ya da ki, çırpar tozunu,
Boş yerə çırmalanıb, ortaya tullar özünü.
Sənəti büxlü həsəd, kibrü riyadır, bilirəm,
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.