Bilmədim (Mirzə Əli Möcüz)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bilmədim
Müəllif: Mirzə Əli Möcüz

Bəndəni əfv eyləyə millət gərək,
Məbədə-meyxanə dedim, bilmədim,
Başini divarə vurub, sındıran
Aqilə-divanə dedim, bilmədim.

Mən nə bilim qarğa xoşavazmış?
Bayquşa bayquş demək olmazmış!
Təlx idi övqati-şərifim bir az
Bayquş o heyvanə dedim, bilmədim.

Gördü filankəs yuxuda bir gecə
Qolboyun olmuş yatıri hur ilə.
Sərxoş idim şireyi-əngur ilə,
Uyquya-əfsanə dedim, bilmədim.

Bığ və səqəl söhbətin əldən salın,
Eyləməyin zümm o qızıl dişləri,
Əsrimizə lazım olan işləri
Öyrədin oğlanə-dedim, bilmədim.

Düşməni-din göydə gəzir quş kimi,
Məbədi viran edəcәkdir, əyil!
Kəs səsüvi, başuva bir çarə qıl,
Qareyi-Quranə-dedim, bilmədim.

Görcək əlində qəzetə Cəfərin,
Rəngi pozuldu, sırığı korladı,
Qeyzə gəlib bomba kimi gurladı,
Ağzına qorxanə-dedim, bilmədim.

Vizri, vəbalı, günəhi boynuma,
Məşdi, canım ver pulunu aclara!
Peykəri üryanlara, möhtaclara
Getmə Xorasanə-dedim, bilmədim.

Hacı dadaş, salma özün zəhmətə,
Ver o pulu milləti-bidövlətə,
Kafər əgər borc verə bu millətə,
Bənd olar İranə-dedim, bilmədim.

Uymuş əcəb qəflətə qardaşlarım,
Çorta gedib, sübhü məsa yuxlayar.
Mən elə bildim ki, o sir saxlayar,
Sirrimi qəlyanə-dedim, bilmədim.

Atdı əlin qaimeyi-xəncərə;
Durdu beş-on vurdu məni-müztərə.
Mən elə bildim ki, o söz yaxşıdır,
Yatma-müsəlmanə dedim, bilmədim.

On iki il ağlamışıq müttəsil,
Bu günü bayramdı, gəlin bir gülək.
Bəndeyi-bitəcrübeyi-kəməqil
Bu sözü nadanə dedim, bilmədim.

Dosta deyər dost xətiyyatını
Ki, edə islah üyubbatını,
Dinü vətən düşməni zənn eylədim,
Möcüzə biganə-dedim, bilmədim.