Bilmədim (qoşma, Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bilmədim (qoşma, Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

O gecə gəlmişdim halallaşmağa,
Çox gözlədim əhval bula bilmədim.
Gəlin örpəyinə, üzdə yaşmağa,
Baxmağa müyəssər ola bilmədim.

Od saldın canıma, oxlandı bağrım,
Bilmədim haraya mən kimi çağrım.
Gedirəm qürbətə çarəsiz yarım,
Sənsiz bu məskəndə qala bilmədim.

Eşqin ilə gülən sazım ağladı,
Ürəyimi çarpaz düyün dağladı.
Keçidimi hər tərəfdən bağladı,
Dövran ilə cəngə dola bilmədim.

Çalışdım yolunda, çox çəkdim cəfa,
Dilimin əzbəri səndin bivəfa.
Gedirəm dağlara, yenə Qafqaza,
Düşmən çox güclüdür, çala bilmədim.

Məmmədhüseynəm, düz ilqara varam var,
Görüm oda düşsün yadlar, yamanlar.
Varlı dünyasıdır, bizə olub dar,
O səbəbdən səni ala bilmədim.