Bilməmişdik
Bilməmişdik (06.04.2022) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Bizim də səhvimiz olub, nə danım,
Ancaq biz qaranı ağ bilməmişdik.
Ruhumuz bir sərin su istəyəndə
Od yağan aranı dağ bilməmişdik.
Vətən qalan olmuş, Vətən – bayrağım,
Başım üstünədir hər bir buyruğu!
Başına enəndə dəmir yumruğum,
Ölü ermənini sağ bilməmişdik.
Yazan gözümüzdə pərdə assa da,
“Cəhənnəm” yerinə “cənnət” yazsa da,
Yalançı jurnalist feykə bassa da,
Tikanlı səhranı bağ bilməmişdik.
Bu dünya hər kəsə bir cürə yoldur,
Sağlamı xəstədir, sağı da soldur,
İstərsən dünyanı cibinə doldur,
Xəsisin gözünü tox bilməmişdik.
Teymur, yar yolunda keçdim varımdan,
Kam almaq özlədim ilk baharımdan.
Bir busə istədim nazlı yarımdan,
Ədaynan çəmkirdi: “Yox bilməmişdik!”