Bilsəydi
Müəllif: Cəfər Cabbarlı
Mənbə: Cabbarlı, Cəfər. Əsərləri. Dörd cilddə. I cild (PDF) (az.). "Şərq-Qərb". 2005. ISBN 9952-418-87-3. 2017-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-10.


Dövran edərdi dövrün, rəftar bilməsəydi,
Gündə günah edərdim, qəhhar bilməsəydi.

Hər nə desəydi Zina, mən səbr edib dözərdim,
Dünya adamlarmından lap ülfəti üzərdim,
Zinanı sinəm üstə, vallah, qoyub gəzərdim,
Amma məni o zalım mındar bilməsəydi.

Hər nə desə, onunçün dərhal mən alardım,
Versə riza, yanında məskən salıb qalardım;
Lap küçədə gəzəndə qol boynuna salardım,
Lakin məni bu məxluq dindar bilməsəydi.

Pul qurtarınca dərhal mən oğurluq edərdim,
Gündə adam soyardım, xalqın ətin didərdim.
Çox işlərin dalınca mən xəlvəti gedərdim,
Amma Babada ”Şəbrəng Əyyar" bilməsəydi.

Dini-zadı atardım, tək Zinanı tutardım,
Ondan ötrü həyatı, namusu da atardım,
Vallah ki, pul qurtarsa, lap börkümü satardım,
Amma məni xəlayiq biar bilməsəydi.

Bilməm nə var bu xalqa daim edir məzəmmət,
Iİllah ki, bu qəzetçi bilmir həyavü hörmət,
Lap cini aldadardım, düşsə əlimə xəlvət.
Təzəpirin yanında cindar bilməsəydi.

Daim oruc yeyərdim bir gizli restoranda,
Xalqa tutun deyərdim, vardır oruc, Quranda.
Lakin oruc yamandır, derdim urus soranda,
"Babi-Əmirdə” Əyyar - qəddar bilməsəydi.

Mümkün deyildir hərgiz bu arzular, ey dil,
Varkən Baba, bu işlər müşküldü, xeyli müşkül
Xalqı soyub, puliylə Həccə gedirdim, hər il
Əhli-behişt olardim, gər nar bilməsəydi.