Bilməz (Yunus Əmrə)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bilməz
Müəllif: Yunus Əmrə
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

Haqq cahana doludur,
Kimsələr Haqqı bilməz.
Onu sən səndən istə,
O səndən ayrı olmaz.

Dünyaya inanarsan,
Rizqə mənimdir dersən,
Neçin yalan söylərsən,
Axı sən deyən olmaz.

Axirət çox uzaqdır,
Düzlük əsl yaraqdır,
Ayrılıq sarp fəraqdır,
Heç gedən geri gəlməz.

Dünyaya gələn köçər,
Bir-bir şərbətin içər,
Bu bir körpüdür keçər,
Cahillər onu bilməz.

Gəlin dostluq eyləyək,
Yaxşı sözlər söyləyək,
Gəlin sevək, sevilək,
Dünya kimsəyə qalmaz.

Yunus sözün anlasan,
Mənasını dinləsən,
Sənə Haqq evi gərək,
Burda kimsənə qalmaz.