Bilməzsən (Çıldırlı Aşıq İrfani)

Bilməzsən
Müəllif: Çıldırlı Aşıq İrfani
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016

Əl çək təbib, əl çək dərdli sinəmdən,
Sən mənim dərdimə çara bilməzsən.
Sən necə təbibsən yoxdur ilacın,
Yaram içərdəndir sara bilməzsən.

Yıxılsın fələyin tacıyla-taxdı,
Ox vurdu sinəmə, al qanım axdı,
Əzəl verməsəydin ikrarı, əhdi,
O ki ikrarında dura bilməzsən.

Dinlə Sənəm Qul İrfanı sözlərin,
Yaxdı ciyərimi atəş-közlərin,
Ağlasana, nə durursan gözlərim,
Daha yar yüzünü görə bilməzsən.