Bilmirəm (Ağ Aşıq)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bilmirəm
Müəllif: Ağ Aşıq
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.


Ay ağalar belə dərdə neyləyim?
Fələk çox veribdi çəkə bilmirəm.
Qoşdum qəm kotanı, daşa ilişdi,
Qalmışam naəlac əkə bilmirəm.

Qocalıq üz verdi, yatdı iqbalım,
Zəhrimara döndü ağzımda balım,
İmran dilli sazı hicrana çalım,
Tale üz döndərib bəlkə bilmirəm.

Ağ Aşığam gözdə qaldı muradım,
Bəynişan toylarda çəkilir adım,
Qırılıbdı qolum, sınıb qanadım,
Qalmayıb taqətim çəkə bilmirəm.