Dili bağlı necə durum,
Dinib - danışa bilmirəm.
Bir çayam, suyum quruyub,
Qaynayıb- daşa bilmirəm.
Kimsə anlamaz dərdimi,
Qana bilmirəm mərdimi.
Sovet biləcək qədrimi?
Çıxaram başa - bilmirəm.
Kefi duru erməninin,
Halı yaxşı ölməlinin.
Vaxtıdı gicin,dəlinin,
Olublar paşa, bilmirəm.
“Böyükdü” gədə - güdələr,
Bicdən, şeytandan ötələr.
Istərlər məni didələr,
Dəyib - dolaşa bilmirəm.
Aşıq idim, adım qalıb,
Ocaq idim, odum qalıb,
Təndir idim, badım qalıb,
Deyim sirdaşa, bilmirəm.
Boğaza keçən çatıdı,
Şura kasıb dövlətidi?!
Türkə düşməndi, qatıdı,
Buna baş qoşa bilmirəm.
Çuğulluq peşə olubdu,
Boş başlar huşla dolubdu.
Heyrərdən Allah alıbdı,
Çalım, çalışa bilmirəm.