Birə
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 57-59

Qanlıda qonaq qalanda,
Canıma sataşdı birə;
Bədənimi elə yandırdı,
Deyəsən ataşdı birə;
Günümü ah-vay elədi,
Gözümü qan-yaşdı birə;
Əl atdım, birni tutam,
Bacarmadım, qaşdı birə.

Axşamdan dəstə-dəstə
Gəlib, yatağa doldular;
Daraşdılar göynəyimə,
Başdan-ayağa doldular;
Kimi şalvara, sertoya,
Kimi papağa doldular;
Sayın, hesabın bilmədim,
Gördüm, həddən aşdı birə.

Bu yan-o yana dönməkdən
Daha məndə can qalmadı;
Əynimdə tuman-köynək,
Üstümdə yorğan qalmadı;
Sordular göy zəli tək,
Bədənimdə qan qalmadı;
Həmi sağdan, həmi soldan
Zənbur kimi sancdı birə.

Durdum, çırağı yandırdım,
Hərə bir yana qaçdılar;
Axtardım, tapammadım,
Dalda, pünhana qaçdılar;
Kimi yastığa, döşəyə,
Kimi yorğana qaçdılar;
Burnu biz, qarnı xaşal,
О neyvət, pis başdı birə.

Qoymadılar bir söykənəm,
Durdum ayağa qaçmağa;
Dörd tərəf qonşulara,
Sola, ya sağa qaçmağa;
Tüstülüdən pünhan keçib,
Qızılbulağa qaçmağa;
Tökülüb yolu kəsdilər,
Gör, nə tufan açdı birə.

Gördüm ki, bacarmıram,
Açıldım, aşkara dedim;
Hay saldım Qanlıya gecə,
İstəyən dostlara dedim;
«Qoymayın, birələr məni
Çəkəcəkdi dara» dedim;
Gələndə harayçılar,
Yolda qabaqlaşdı birə.

Yazıq Məhəmməd deyər,
Birə məndə qoymadı can;
Sübhədək cəng elədim,
Əllərindən çəkdim aman;
Eşitdi, gəldi haraya
Qızılbulaqlı Qəhrəman;
Yetişəndə, acıqlandı,
Dedi: nə savaşdı, birə?!