Bir ömrdür fəraqə giriftarəm, ağlaram

Bir ömrdür fəraqə giriftarəm, ağlaram
Müəllif: Əbülhəsən Vaqif
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Bir ömrdür fəraqə giriftarəm, ağlaram,
Hicran evində talibi-didarəm, ağlaram.

Hərçənd ağlamaq eyləməz çarə dərdimə,
Nə çarə eyləyim? Yenə naçarəm, ağlaram.

Rahat yatarlar xalq tamamən bu şəhrdə,
Mən sübh olunca hər gecə bidarəm, ağlaram.

Ey Yusifi-zəmanə Züleyxayi-eşq kim,
Hüsni, cəmalə çünki xəridarəm, ağlaram.

Bıganə hər nə növi baxarsa gülər mənə,
Yoxsa mən hər bəlayə səzavarəm, ağlaram,

Təni-rəqiblərdən olubdur könlüm qara,
Əğyarlarla həmdəm olub, xarəm, ağlaram.

Hər dəm düşür o nərgisi-məstin xəyalıma,
Xumarlıqda gör necə hüşyarəm, ağlaram.

İzzətlə qoymuşam üzümü asitanma,
Vaqif, səbəb budur ki, günahkarəm, ağlaram.