Bir bəhanə əldə ünvan etməli bundan sora

Bir bəhanə əldə ünvan etməli bundan sora
Müəllif: Mirzə Ələkbər Sabir


Bir bəhanə əldə ünvan etməli bundan sora
Büsbütün məxluqə elan etməli bundan sora!

Nov üsulun şərə bərəks olduğun izah edib,
Köhnəni tətbiqi-quran etməli bundan sora!

Xasə bu jurnal, qəzet əmrində bir fitva tapıb,
Sədd rahi-nəşri-irfan etməli bundan sora!

Boylə iş, bunca qəzet, bunca mazet olmaz, canim!
Bunları məhkumi-bütlan etməli bundan sora!

Din gedir, məzhəb gedir, qədri itir mollaların,
Çareyi-əmri-müsəlman etməli bundan sora!

Hər yetən kəndin mühərrir ədd edib min söz yazır,
Bunları mətrudi-övtan etməli bundan sora!

Kəsməli hər növ ilə olsa nüfuzun, hörmətin,
Sərbəsər avareyi-nan etməli bundan sora!

Cırmalı dəftərlərin, sındirmalı çernil qabın,
Fikri tərvici-qələmdan etməli bundan sora!

Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə
Cümlə mətbuatı viran etməli bundan sora!

Siyyəma, şairləri hökmən və hötmən zor ilə
Xaric-əz-islamü iman etməli bundan sora!

Müxtəsər, hər kim ki, gördün fəhmi var, bir söz qanır, --
Küfr ilə məşhuri-dövran etməli bundan sora!

Arqadaşlar, ələman, gəl tez verib də əl-ələ,
Həm bu yolda əhdü-peyman etməli bundan sora!

Aid olmur indi bunlardan bizə bir mənfəət,
Pul verərlərsə, müsəlman etməli bundan sora!