Bir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəm

Bir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəm
Müəllif: İmadəddin Nəsimi


Bir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəm,
Xəncər ilə yürəgimi yar, səndən dönməzəm.

Ey sənəm, eşqin yolunda qamətintək doğruyam,
Çəksələr Mənsurləyin bər-dar, səndən dönməzəm.

Müshəfi-hüsnün həqiçün, ey dilaramım mənim,
Anca kim, bu təndə canım var, səndən dönməzəm.

Gər Zəkəryatək məni başdan ayağa yaralar,
Başıma ərrə qoya nəccar, səndən dönməzəm.

Leyliyi-şeyda idim seydinə düşdüm, ey nigar,
Yanaram Məcnun kimi mən zar, səndən dönməzəm.

Rindi-rüsvayəm, başımda vardır sevdayi-eşq,
Namü nəngi qoymuşam, həm ar, səndən dönməzəm.

Hüsnünə mən aşiqəm, ey dilbər, əgər sən mana
Qılasan min gəz cəfa, dildar, səndən dönməzəm.

Kə’bədə istər idim, bütxanədə buldum səni,
Bağladım uş belimə zünnar, səndən dönməzəm.

Möhnətindən, ey pəri, haşa ki, mən üz döndərəm,
Yanaram pərvanətək bər-nar, səndən dönməzəm.

Hər rəqibin gündə min gəz tə’nəsin nuş eylərəm,
Mən Nəsimi, sən pəri, zinhar səndən dönməzəm.