Bir dəlinin dəftərindən
Bir dəlinin dəftərindən Müəllif: Üzeyir Hacıbəyov |
Mənbə: Hacıbəyov Ü. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1985. 653 s. səh.385-387 |
Bir məsəl var deyirlər ki, ikiayaqlıya etibar yoxdur.
Doğrudan da belədir, dünyada hər nə ikiayaqlı məxluq var, onların heç birinə etibar eləmək mümkün deyil.
Götürək, məsələn, toyuğu. İkiayaqlı məxluqdur. Nə qədər dən ver, nə qədər yem ver, yenə də səni görəndə qaçacaqdır. O ki, qaldı adama--ikiayaqlı məxluqdur--daha burada heç danışmaq lazım deyil.
Amma bu işin səbəbi var.
Məsələn, evdən çıxırsan bayıra və görürsən ki, bir dənə toyuq ayağının birini qalxızıb təkcə durubdur. Və özü də bərk fikrə gedibdir. İstəyirsən ki, yanına gedib bir qədər dən verəsən. Görürsən ki, o saat qaçdı. Deməli, toyuqla sənin aranda etibar yoxdur. Çünki sən də ikiayaqlı, o da.
İndi görək bunun səbəbi nədir?
Toyuq çox yaxşı bilir ki, sən toyuq yeyənsən və madam ki, səni görür həmişə qorxur. Odur ki, bir sürü toyuğa da çağırıb dən tökəndə görürsən ki, yazıq toyuqların bir gözü dəndə və bir gözü də səndədir.
İndi gələk adamlara!
Deyirlər ki, qədim zamanlarda adamlar bir-birilərinə çox yaxşı etibar elərmişlər və hətta bir zaman var imiş ki, bir salavata çörək də almaq olarmış, başmaq da və papaq da.
Mən bilmirəm ki, bu əhvalat doğrudurmu, yoxsa yalan. Ancaq onu bilirəm ki, bu gün o cürə şeylər ola bilməz. Çünki bu gün salavat əvəzinə pul lazımdır. Pulu qazanmaq da salavat çəkmək kimi asan deyildir. İndi bu gün əgər bir adam o biri adama etibar eləyirsə, pulun cəhətinə eləyir və illa pulu olmasa, itmiş pasport kimi etibardan saqitdir.
Pul insanlar arasında rəsmiyyət törədir. Məsələn, Həsənqulu ilə Cəfərəli bir-birilə danışırlar, Həsənqulu deyir ki, bu gün başım bərk ağrıyır, onda Cəfərəli cavab verir ki, bir qədər fenastin al, yainki yatarkən başuva dəsmal çal, ya həna qoy. Amma elə ki, Həsənqulu Cəfərəliyə bir manat zərər vurur, o halda Cəfərəli elə vurur ki, Həsənqulunun başı nəinki ağrıyır, bəlkə yarılır və qan axır. İndi mənə deyəcәklər ki, sənin sözlərində məntiq yoxdur.
Məntiq nədir?
Məntiq danışma elmidir. Danışan kəs gərək elə danışsın ki, sözünün dalı qabağı bir-birinə düz gəlsin. Məsələn, deməsin ki, bu gün hava çox gözəldir, çünki dünən bərk acmışdım.
İstərsiniz məntiq barəsində bir qədər söyləyim. Burda misal lazımdır. Məsələn, şüşə qırılar, əlimdəki şüşədir. Bəs əlimdəki şüşə də qırılar.
Bir özgə məsəl: İnsanlar öləcәkdirlər. Sən insansan, bəs sən də öləcәksən. Yainki insan ikiayaqlıdır. Və ikiayaqlıya da etibar yoxdur. Toyuq dəxi ikiayaqlıdır, bəs onda, toyuğa da etibaar yoxdur.
Onda birisi gəlib deyir: Toyuğun iki ayağı vardır və özünə də etibar yoxdur. Sənin də iki ayağın var və sənə də etibar yoxdur. Bəs onda sən toyuqsan!
Yox, bu söz xilafi-məntiqdir, buna sofizm deyərlər. Elə haman o sofizmdir ki, Tehran hökumətini bu günə saldı və həm ağlamalı və həm gülməli bir komediya qayırdı.
İran hökuməti deyir ki, sair hökumətlər məşrutə verdilər, çünki camaat elə istəyirdi. Amma İran camaatı elə istəmir və ona görə mən də məşrutə vermirəm.
Burada məntiq olardı, hərgah "İran camaatı elə istəmir" sözü qələt olmasaydı. Amma, çünki o söz qələtdir, ona görə bu mətləbdə, İran hökuməti qanacaqdan kənar olan kimi, məntiqdən də kənardır. Mən burada çox sözlər danışardım, amma danışmıram. Zəban dər dəhan ey xirədmənd çist? ……………………………………………..nist.