Bir dəstə gül
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


İranlı deyir ki, ədl ilə dad olsun,
Osmanlı deyir ki, millət azad olsun,
Zahid nə deyir? Deyir ki, qarnım dolsun,
İranlı da, Osmanlı da bərbad olsun!

Tacir arayır ki, bir ticarət yapsın,
Amil çalışır bu yolda xidmət yapsın,
İş mollalarındır ki, çalsın-çapsın,
Yatsın, dursun, qüsli-cənabət yapsın.

Jurnal, qəzetə çıxır ki, millət oxusun,
Hər bir əsərindən alsın ibrət, oxusun,
Rusca oxumuşlara bu iş ar gəlir,
Derlər, bunu qoy qarə cəmaət oxusun.

Zənn etmə ki, zikrə, səcdəyə dalmaq üçün
Zahid yüyürür məscidə əcr almaq üçün,
Dün çaldığı səccadəyi satmış da yemiş,
İndi yüyürür əlavəsin çalmaq üçün.