Bir dəxi görmək camalın könlüm, ey can, arzular
Bir dəxi görmək camalın könlüm, ey can, arzular Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.200. |
Bir dəxi görmək camalın könlüm, ey can, arzular,
Xəsteyi-dərdi-fəraqın dərdə dərman arzular.
Ey üzün cənnət, boyun tuba, sözün abi-həyat,
Qulluq etməklik tapunda hurü qılman arzular.
Gər səni arzularam, ey canü cananım, nola,
Təşneyi-vəslin, nigara, abi-heyvan arzular.
Ta gülüstani-Irəm rüxsarını gördü gözüm,
Bülbüli-şeyda kimi hər dəm gülüstan arzular.
Gördü tupi-qəbqəbi-simin, çövkan zülfünü,
Tifli-ruhum neyləsin, ol tupü çövkan arzular.
Könlümüz arzuladı gər vəsli-cananı, nola
Kim, yəqindir arzular dərviş, sultan arzular.
Bax axır xəstə Nəsiminin xəyali-xamına,
Xatiri dərbəndi-zindan, hurü qılman arzular.