Bir namə yazım, badi-səba yarə yetirsin

Bir namə yazım, badi-səba yarə yetirsin
Müəllif: Heyran xanım
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Bir namə yazım, badi-səba yarə yetirsin,
Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.

Hicran ələmi saldı ayaqdan məni-zari,
Daruyi-vüsali mənə bir çarə yetirsin.

Səbrim kəsilib, yar mənim canımı alsın,
Ya şad eləsin vəsl ilə, didarə yetirsin.

Dünyadə və üqbadə görüm mətləbə yetsin,
Hər kəs məni ol yari-vəfadarə yetirsin.

Bir yol verin, ey möhnəti-hicran ki, pəyamım
Ta badi-səba ol gülü gülzarə yetirsin.

Yüz həsrət ilə bu dili-hicranə giriftar,
Əzm etdi, özün ol güli-bixarə yetirsin.

Yüz niş ilə səddi-rəb olub xari-sitəmkar,
Qoymadı özün ol gülə biçarə yetirsin.

Gəl tanrı üçün bunca sitəm eyləmə izhar,
Qoy yarə özün bu dili-avarə yetirsin.

Bikəsliyimə rəhm eləsin xaliqi-biçün,
Heyrani o şəhbazə digər-barə yetirsin.