Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz

Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz
Müəllif: Hacı Rza Sərraf
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,
Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.

Tapşırdı səbayə, dedi: Sal zülfü üz üstə,
İmanımı verdi mənim axır yelə, qaş-göz.

Bir əyri qaş oynatmağa verdim gözə min can,
Bundan belə eylər genə məndən gile qaş-göz.

Hərgiz, bu xətadidə kimi qaş-göz edəmməz,
Gər eyni Xətadan gələ min qafilə qaş-göz.

Bir yayıda min ox ata, bir tiri yayılmaz,
Qoymubdu, atıb vurmaq üçün, fasilə qaş-göz.

İnsan demək olmaz sənə, sən hurü pərisən,
Olmaz, bu müşəxxəsdi, bəşərdə belə qaş-göz.

Göz mərdüməkin-nöqtə, qaşın-sini-kəşidə,
Sərlövhi-camalında olub bismilə qaş-göz.

Min aşiqi bir tək tük ilə tük-tükə bağlar,
Zülfündə işarə qıla gər bir telə qaş-göz.

Göz üstə dedin, qaş eyləyib canını allam,
Qurbanın olum, dönmə sözündən, elə qaş-göz.

Eylər bu qədər aləmə qaşü gözü tərif,
Verməz niyə Sərrafına yarım, silə qaş-göz?