Bir söz
Bir söz Müəllif: Şah İsmayıl Xətai |
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.348-349. |
Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.
Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.
Bir söz vardır xalq içində,
Dəxi söz var xülq içində,
Оlmaya ki, dəlq içində
Deyəsən çarqadağ bir söz.
Söz vardır, kəsdirər başı,
Söz vardır, kəsər savaşı,
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ bir söz.
Sözünü yaxşı bişirgil,
Yaxşı us ilə düşürgil,
Yaramazını şaşırgil,
Canına оlur dağ bir söz.
İstərəm görəyim yarı,
Bu rəmzi anlagil barı,
Hezaran əhli-iqrarı
Elər qara tоprağ bir söz.
Şah Xətayi ayatından,
Sözün söylə öz zatından,
Оlmaya kim, pir qatından
Səni edə irağ bir söz.