Bir zamanlar
Müəllif: Hüseyn Cavid


Bir zamanlar sənin pənbə kölgəndə
Pək bəxtiyar idim, nazlı dilbərim.
Hənuz bəxtiyarlıq duyulmaz məndə,
Yalnız gülümsərdi məhzun gözlərim.

Ayrılıq nə yaman dərd imiş, aman!
Sənsiz halım gündən-günə pərişan,
Vüslət dəmlərini anar də hər an,
İzlər yollarını yorğun gözlərim...

Sənsiz bütün duyğularım bunalmış,[1]
Zehnim, fikrim durmuş, həp dona qalmış,
Uyqum çəkilmiş, könlümü qəm almış,
Yalnız arar səni vurğun gözlərim.

____

  1. Sıqılmış, boğulmuş