Birbəbir
Müəllif: Cəfər Cabbarlı
Mənbə: Cabbarlı, Cəfər. Əsərləri. Dörd cilddə. I cild (PDF) (az.). "Şərq-Qərb". 2005. ISBN 9952-418-87-3. 2017-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-10.


Ay Baba, gəl deyim sənə dövri-zamanı birbəbir,
Sən say əlinlə, mən deyim yaxşı, yamanı birbəbir.

Əvvəli bu qəzetçi də sanki edibdi məsləhət,
Molla, plovdu, hey yazır, başına söz olub qəhət.
Gündə bu molla söhbəti, gündə oruc sözü, əvət,
Mən bilirəm ki, bunların yazdığına nədir cəhət,
Taki, bu molla yazığın boş qala yanı birbəbir.
Qəzetçinin də arta ta qəzet alanı birbəbir.

İndi bu molla da daha ağzın açıb şikayətə,
Zorba xitabələr yazıb, nəşr eləyib cəmaətə;
Ondan əlavə məscidə kim ki, giro ibadətə,
Söyləyir: adə, köhnələr, səbr yetib nəhayətə.
Küçədə axtarıb tapın qəzet yazanı birbəbir,
Öylə vurun ki, hamının qoy çıxa canı birbəbir.

Qəzetçi bildiyi kimi tazələri yığışdırıb,
Mollaların hücumunu dəf üçün hamısı cumub.
O vurub, molla qışqırıb, molla vurub, o qışqırıb,
Qəzetçi molla yazığın ağzını lap ovuşdurub,
İndi yazır əski qapı, əski dabanı birbəbir.

Yaxşı baxanda qızlara qəzetçi bihesabdır;
Mollanın isə məqsədi, fikri, plov kababdır.
Əkşi, sənin də içdiyin hamı bilir şərabdır,
Tin gözündə görməyir, özgədə geysuyabdır.
İndi, hərif, söyləyim yerdə qalanı birbəbir,
Xalqa yazan çərən-pərən, yalan-palanı birbəbir.

Doğrudur, bu xalqa bəzi sözləri siz deyirsiniz,
"Dini, şəriəti tutun" moizə eyləyirsiniz,
Leyk, hərif, söz özünüz əksinə eyləyirsiniz,
Xalqa “oruc yemə" deyib, siz özünüz yeyirsiniz,
Razımısan deyim hələ filan-filanı birbəbir,
İndi, hərif, sən də de, varsa yalanı birbəbir.