Biri ağdı, biri qara, biri nə
Biri ağdı, biri qara, biri nə Müəllif: Sofu Dədə |
Mənbə: Tacir Səmimi, "Ağbaba aşıq mühiti", Bakı: "Elm və təhsil", 2014. |
Bu dünyada insan ilə dolanar,
Biri ağdı, biri qara, biri nə.
Qanan kəslər qəm oduna qalanar,
Üç aləmdən vaqif olmaz birinə.
Ağı gəzən dağı görər faydadı,
Qara gəzən dədə olar - qaydadı.
Üçü görən köməkdədi, haydadı,
Qara quldu dua eylər pirinə.
Haqqı bilən Sofu Dədə kimisi,
Ümmanlarda qərq olarmı gəmisi,
Var-dövləti “torba-çubuq” cəmisi,
Bir ürfandı sözdə gedər dərinə.