Birisi nə
Birisi nə Müəllif: Xəstə Bayraməli |
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018 |
Aşiqlərdə gərək üç şey cəm olsun,
Birsi sazdı, birsi sözdü, birsi nə?
Oğurluq etməsin şairəm deyən,
Şeir yazsın sinəsindən birsinə.
Bağban olub, bağça sən əgər əksən,
Bəsləyəsən, becərəsən gərək sən.
Yaxşı dosta yaman gündə gərəksən,
Qiymət qoysan bu sözlərin birsinə.
Bayraməli anlamazı nə danlar?
Hərcayı nə eşidər, nə də anlar!
Dinə bilməz meydanımda nadanlar,
Yer axtarar hər görəndə bir sinə.