Bismillah (Abbasqulu ağa Bakıxanov)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bismillah
Müəllif: Abbasqulu ağa Bakıxanov
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.


Dila! Əzm eylə sən bülbül sifət gülzarə, bismillah,
Müradın olsa meyl etmək fəğanü zarə, bismillah,
Gər istərsən müdam olmaq cigər sədparə, bismillah,
Qərəz fikrin tamaşadır əgər dildarə, bismillah,
Nəzər qıl ləli-canbəxşi-rüxi-gülnarə, bismillah.

Təmənnasında gün-gündən məni-dilxuni şeyda qıl,
Gərəkməz namü namusum, qəmi-eşqilə rüsva qıl,
Verib dünyavü din nəqdin, mətai vəslə sevda qıl,
Əgər yox dəstrəs, sevdayə bari get tamaşa qıl,
Gəlibdir Yusifi-gülpirəhən bazarə, bismillah.

Çəkərdin arzu daim deyirdin şövqi-yar ilə,
Ki, düşsün ittifaqi-vüslət ol siminuzar ilə,
Edim canım ona təslim zövqü etibar ilə,
Durubdur ol büti-sərməst tiği-abidar ilə.
Sözün gər doğrudur ey aşiqi-biçarə, bismillah.

Demişdin ey büti-tərsanigəh, bərhəmzəni-aləm,
Ki, etməm aşiqimdən mən yaman gün iltifatim kəm,
Alıbdır səbrimi dərdü bəla can qəsdin eylər həm,
Əgər iqrarı sabitsən vəfa həngamidir bu dəm,
Tərəhhüm qıl, qədəm bas dideyi-xunbarə, bismillah.

Olubdur qərqi-xunabi-cigər çəşmi-tərin, Qüdsi,
Yanıbdır daği-möhnətdən dili-qəmpərvərin, Qüdsi,
Gətir təqrirə bir-bir yarə ərz et qəmlərin, Qüdsi,
Əgər bu şivədən dilgir olarsa dilbərin, Qüdsi,
Şüru eylə bir özgə vəchlə izharə, bismillah.