Bitir
Bitir Müəllif: Aşıq Mirzə Bilal |
Mənbə: "Mirzə Bilal (1872-1937)" (az.). shahbulaq.az. 07.01.2015. İstifadə tarixi: 2015-05-02. |
Aşıq, gəl bir söz yazanda,
Zidininə get sətir-sətir.
El sənə əhsən söyləsin,
Kəlamından yağsın ətir.
Qış xislətin qoy qırağa,
Çox meyl etmə ağlamağa.
İldırım çax yağa-yağa,
Bahardan müjdələr gətir.
Kəsə et sözü mənalı,
Bəzən düzlu, müəmmalı.
“Pətəyində” beçə balı,
Cana şəfa kimi yetir.
Hər çiçəkdə şirə axtar,
Ürəyində yansın odlar.
Çox uzatma, həcvə çıxar,
Bilal, qısa elə, bitir.