Bizə həmsöhbət olan özgə kitab almaz ələ

Bizə həmsöhbət olan özgə kitab almaz ələ
Müəllif: Mirzə Şəfi Vazeh
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Bizə həmsöhbət olan özgə kitab almaz ələ,
Sən də zahidliyin ol dəftərini tulla selə.

Mən yarın xəstəsiyəm, eşqdən özgə demə söz,
Məni dildarımın eşqi beləcə saldı çölə.

O zamandan ki, mənim qəlbimə yol tapdı o yar,
Unuda bilməyirəm mən onu bir an da belə.

Bu fələk kim, sənə ulduzla bəzənmiş görünür,
Bəlkə aşiqdir o da sirrini faş etməz hələ?

İndi gül fəslidi, çöllərdə tamaşa dəmidir,
Çıx çəmən seyrinə, mey məclisi qur, şadlıq elə.

Yardan versə xəbər Vazehə o badı-səhər,
Qəbrdə olsa əgər bil ki, gələr bir də dilə.