Biz necə iş görürük
Biz necə iş görürük (1908) Müəllif: Üzeyir Hacıbəyov |
"Tərəqqi" qəzetində çap olunub |
Biz necə iş görürük?
Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq. O şey nədir? O şey nərdivandır!
Necə yəni nərdivan? Nərdivan nədir? Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə, elə yıxılar ki, təpəsi dağılar.
Bu belə.
Bundan başqa, bir də biz һəmişə başımızdan yekə iş görürük. Amma bunun səbəbi var.
Səbəbi də budur. Qonşularımız siçan boyda iş gördükdə biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda olan işi, irəliləyib camış yekəlikdə oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ançaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görməyə başladılar.
Qərəz, gözümüzü ovxalayıb dedik ki, nə var, biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə. Axırı nə oldu? Axırı belə oldu: Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin tazadan başlayaq. Ancaq burasını iqrar eləyim ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq.
Fildən balaca nədir? Əlbəttə dəvə. Qərar qoyuruq ki, dəvə boyda qayıraq. Başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq, deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq.
Ondan balaca nədir? Çamışdır. Başlayırıq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağı enirik (halbuki, qonşular fildən yuxarı çıxırlar). Deyirik ki, eşşək boyda iş görək, amma eşşək də bizə güc eləyir. Tuturuq keçini, gorürük ki, yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə. Amma onda görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi…
Biz belə iş görürük.