Bizdədi
Müəllif: Aşıq Alı


Şükür olsun ol xudaya
Adil divan bizdədi,
Dini məssər yolu ərkan
İlqar, iman bizdədi.
Neyliyirəm o məzhəbi
Yoldan xarici ola
Məhəmmədə nazil olan
Ayeyi-Qur'an bizdədi.

İncil İsaya gəlibdi,
Tövrat Musaya ey dil
Qur'an Məhəmmədindi,
Sən gəl onu yəqin bil
Dörd çeşmədən ponqar axar
Həqiqətdə durar göl
Girməynən ki, qərq olarsan
Dərya, umman bizdədi.

Göylərdən dörd kalam endi,
Məhəmmədə Qur'andı,
İnşallah ki, möminləri
O dardan qurtarandı.
Gəl qəm çəkmə, Aşıq Alı,
Ağan Şahi-Mərdandı
Penci-ali Sahibzaman,
On iki imam bizdədi.